EN

Böyük güclər bir biri ilə mübarizə apararkən kiçik dövlətlər bəzən həmin rəqabətdən diplomatik və iqtisadi imkanlar qazana bilirlər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Savaş bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biridir. Müharibələr milyonlarla insanın həyatına son qoyur, şəhərləri viran edir və iqtisadi-sosial sistemləri dağıdır. Buna baxmayaraq, siyasi nəzəriyyələr və beynəlxalq münasibətlər təhlilləri göstərir ki, böyük güclərin bir-biri ilə mübarizəsi bəzən daha kiçik, barışcıl və neytral xalqlar üçün müəyyən strateji üstünlüklər yarada bilir. Bu paradoksal vəziyyət beynəlxalq siyasətdə “güc balansı”, “kiçik dövlətlərin strategiyası” və “böyük güclər rəqabəti” kimi anlayışlarla izah olunur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, beynəlxalq münasibətlər nəzəriyyəsinə görə müharibələr əsasən güc və təsir uğrunda aparılan mübarizənin nəticəsidir: “Dövlətlər öz təhlükəsizliklərini təmin etmək, iqtisadi və siyasi nüfuzlarını genişləndirmək üçün rəqibləri ilə qarşıdurmaya girirlər. Bu kontekstdə “güc balansı” nəzəriyyəsi mühüm rol oynayır. Bu nəzəriyyəyə görə dövlətlər hər hansı bir gücün həddindən artıq güclənməsinin qarşısını almaq üçün ittifaqlar qurur və rəqiblərin gücünü balanslaşdırmağa çalışırlar. "Balance of power" konsepsiyası, məhz bunu izah edir. Dövlətlər öz təhlükəsizliklərini qorumaq üçün güclər arasında tarazlıq yaratmağa çalışırlar”.

Nicat İsmayılov

Nicat İsmayılov bildirib ki, bu prosesdə böyük dövlətlər bir-birini zəiflətmək üçün müxtəlif siyasi və hərbi üsullardan istifadə edirlər: “Nəticədə, rəqib güclərin qarşıdurması onların resurslarını tükəndirir və qlobal sistemdə yeni siyasi imkanlar yaradır. Beynəlxalq münasibətlərdə kiçik dövlətlərin davranışı xüsusi tədqiqat mövzusudur. Tədqiqatlar göstərir ki, böyük güclər arasında rəqabət mövcud olduqda kiçik dövlətlər öz təhlükəsizliklərini və maraqlarını qorumaq üçün müxtəlif strategiyalar seçirlər. Bu strategiyalara balanslaşdırma, neytrallıq və ya güclü tərəflərdən birinə qoşulmaq daxildir. Bandwagoning kimi tanınan strategiya zəif dövlətlərin daha güclü tərəflə ittifaq quraraq təhlükəsizlik və siyasi dividentlər əldə etməsini ifadə edir.

Eyni zamanda “buffer state” – yəni tampon dövlət anlayışı da mövcuddur. Bu konsepsiyaya görə iki böyük güc arasında yerləşən kiçik dövlətlər bəzən geosiyasi balansın qorunmasında mühüm rol oynayır və öz mövqelərindən istifadə edərək hər iki tərəfdən siyasi və iqtisadi üstünlüklər əldə edə bilirlər. Bu vəziyyət beynəlxalq siyasətdə belə bir reallıq yaradır. Böyük güclər bir-biri ilə mübarizə apararkən kiçik dövlətlər bəzən həmin rəqabətdən diplomatik və iqtisadi imkanlar qazana bilirlər”.

Politoloq vurğulayıb ki, Birinci və İkinci Dünya müharibələri Avropa və dünya siyasi xəritəsini köklü şəkildə dəyişdirdi: “Bu müharibələr nəticəsində imperiyalar zəiflədi və yeni dövlətlər meydana çıxdı. Məsələn; Avstriya-Macarıstan imperiyasının süqutu nəticəsində bir sıra yeni dövlətlər yarandı. İkinci Dünya müharibəsindən sonra müstəmləkə sisteminin dağılması sürətləndi. Bu hadisələr göstərir ki, böyük güclərin bir-birini zəiflətməsi bəzən yeni dövlətlərin formalaşmasına və daha kiçik xalqların siyasi mövcudluq qazanmasına imkan yaradır. Müasir beynəlxalq sistemdə də böyük güclərin rəqabəti davam edir. Bu rəqabət iqtisadi, texnoloji və hərbi sahələrdə özünü göstərir. Bu vəziyyət bəzi ölkələr üçün risklər yaratsa da, bəziləri üçün strateji manevr imkanlar açır”.

“Araşdırmalar göstərir ki, zəif dövlətlər bəzən iki və ya daha çox böyük güclə paralel münasibətlər quraraq öz maraqlarını maksimum səviyyədə təmin etməyə çalışırlar. Belə vəziyyətdə rəqabət aparan güclər kiçik dövlətləri öz tərəflərinə çəkmək üçün investisiya, təhlükəsizlik və siyasi dəstək kimi vasitələrdən istifadə edirlər. Beləliklə, kiçik dövlətlər böyük güclərin rəqabətindən müəyyən dərəcədə fayda əldə edə bilirlər.

Bütün bunlara baxmayaraq, müharibənin insanlıq üçün yaratdığı faciə danılmazdır. Savaşlar yalnız siyasi və geosiyasi nəticələrlə ölçülə bilməz. Onların əsas nəticəsi insan itkisi, sosial travma və iqtisadi dağıntıdır. Lakin beynəlxalq siyasətin realist nəzəriyyələri göstərir ki, dövlətlər bəzən bu acı reallıqların fonunda öz strateji mövqelərini möhkəmləndirirlər. Bu səbəbdən də böyük güclərin qarşıdurması bəzi hallarda daha kiçik xalqlar üçün təhlükə ilə yanaşı, yeni siyasi imkanlar da yarada bilir.

“Savaş nə qədər qanlı və acımasız olsa da, şər qüvvələrin bir-birini yorması kiçik və barışcıl xalqlar üçün avantaj yarada bilər” fikri beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından müəyyən qədər əsaslandırıla bilər. Böyük güclərin qarşıdurması onların resurslarını zəiflədir, güc balansını dəyişir və bu vəziyyət kiçik dövlətlərə diplomatik manevr, təhlükəsizlik və iqtisadi üstünlüklər əldə etmək imkanı verə bilər. Lakin bu üstünlük nisbi xarakter daşıyır. Çünki müharibənin yaratdığı fəlakətlər heç bir siyasi qazanc ilə tam kompensasiya edilə bilməz”-deyə Nicat İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
icma.az

1Sources