ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xaçmaz rayonunda 1975-ci il təvəllüdlü Təvəkkül həyat yoldaşı Sonaya (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 2-də baş verib. Təvəkkül həmin gün saat 16 radələrində evinin qonaq otağında sərxoş vəziyyətdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Sonanın stuldan yerə yıxılmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə onun sol qol nahiyəsinə təpik zərbəsi vurub. Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən Təvəkkül ona elan olunmuş Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirili bilməyib. O, özünü Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilib. Təvəkkül ifadəsində göstərib ki, Sona ilə 20 ildən artıq müddətdir qeyri-rəsmi nikah münasibətlərində birgə şəkildə yaşayır: “Mən Xəzər dənizinin Xaçmaz rayonunun kəndi ərazisindən keçən sahilində yerləşən balıq vətəgəsində mühafizəçi kimi işləyirəm. Sona ilə mənim faktiki nikah münasibətlərimdən 4 övladım var”. Təvəkkülün ifadəsinə görə, fevralın 2-də, təxminən saat 16 radələrində evə gəlib: “Həmin vaxtı əsəbi olmuşam. Evə daxil olan zaman Sonanın qonaq otağındakı stuldan yerə yıxıldığını gördüm. Əsəbi olduğumdan Sonanın yerə yıxılı vəziyyətdə olduğu zaman təpiklə onun sol qol nahiyəsinə zərbə vurdum”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Sonanın ayağa qalxmasını və cəld şəkildə evi tərk etməsini bildirib: “Sona yaşadığımız ünvanda olan zaman vurduğum təpik zərbəsinin təsirindən onun sol qolunun mil və dirsək sümükləri sınıb. Törətdiyim əməli səmimi olaraq etiraf etmişəm və peşmançılıq hissləri keçirmişəm. Hadisəni törədən zaman aşırı dərəcədə sərxoş vəziyyətdə olmuşam”.Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilib.Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.