EN

Rusiya kisənin ağzını açır: Ermənistandakı seçki pulla alınacaq

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xarici Kəşfiyyat Xidməti bəzi ölkələrdə Ermənistan vətəndaşlarına qarşı təzyiq və qarşıdan gələn seçki proseslərinə müdaxilə ilə bağlı bəyanat yayıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Xarici Kəşfiyyat Xidməti konkret ad çəkməyib: 

“Xarici Kəşfiyyat Xidməti bəzi ölkələrdə həmin dövlətin xüsusi xidmətləri adından çıxış edən kəşfiyyat məlumatları alır. 

Müxtəlif şəxslər həmin ölkədə iqtisadi fəaliyyətlə məşğul olan erməni əsilli şəxslərə və Ermənistan Respublikası vətəndaşlarına təzyiq göstərməyə çalışır, onları Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətlərini bəyan edən müəyyən siyasi qüvvələri dəstəkləmək üçün tədbirlər görməyə təşviq edirlər. 

Bu fəaliyyətlərə yuxarıda sözügedən iş adamları tərəfindən siyasi qüvvələrə maliyyə və təşkilati dəstək verilməsi daxil olsa da, bunlarla məhdudlaşmır”. Qeyd edilən məlumatın yayılması əslində xarici dövlətin Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində radikal müxalifətə səs vermək üçün gizli iş aparmasından xəbər verir. 

Təbii ki, Ermənistanda revanşist müxalifətə əsas siyasi dəstəyin Moskvadan gəldiyini nəzərə alsaq, söhbətin Rusiyadan getdiyi aydın olur. Əgər Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı bəyanat doğrudursa, o halda iki qənaətə gəlmək olar. 

Birincisi, Rusiya Ermənistanda keçiriləcək seçkilərdə seçici fəallığını təmin etmək və elektoratı müxalifətin xeyrinə yönləndirmək istiqamətində işlərə başlayıb. İkincisi, Kreml bu işi Rusiyada bizneslə məşğul olan iş adamlarının maliyyə resursları hesabına həyata keçirmək istəyir. 

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan ötən il Moskvaya səfər edərək Rusiya Prezident Adminstrasiyasının sədr müavini Sergey Kiriyenko ilə görüşmüşdü. O, Rusiya Prezidentinin Ermənistan üzrə xüsusi nümayəndəsi olan Kiriyenkodan seçkilərdə siyasi və maliyyə dəstəyi istəmişdi. 

Lakin görüşlə bağlı yayılan xəbərlərdə Kiriyenkonun Köçəryana “Biz sizə yalnız mənəvi dəstək verə bilərik” deməklə kifayətləndiyi deyilirdi. Lakin Kreml Ermənistanda hakimiyyətin dəyişməsində və Moskvadan idarə olunan bir fiqurun baş nazir postuna gətirilməsində maraqlıdır. 

Görünür, Rusiya bu işə sərf olunacaq vəsaiti, yəni insanları ələ alıb seçkilərə yönəltmək üçün lazım olan pulu erməni iş adamlarının ciblərindən çıxartmaq istəyir. 

Ermənistan Xarici Kəşfiyyat Xidməti isə açıq şəkildə ad çəkməsə də, Rusiyaya baş verənlərdən xəbərdar olduğunu və seçkilərə bu yolla müdaxilə etməmək mesajını verir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Ermənistan seçki

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
1
cebheinfo.az

2Sources