
C/2026 A1 (MAPS) adlı komet yaxın günlərdə Günəşə çox yaxın məsafədən keçəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, komet böyük ehtimalla 4 aprel 2026-cı il tarixində Günəşə düşərək parçalanacaq və ya tam buxarlanacaq. Alimlərin hesablamalarına əsasən, MAPS kometi 1106-cı ilin məşhur Böyük Kometinin (X/1106 C1) fraqmentlərindən biri ola bilər.
Komet Günəşə yaxınlaşdıqca onun nüvəsindəki buz və digər uçucu maddələr sürətlə buxarlanır. Bu proses güclü qaz və toz axınları yaradır və nəticədə kometin quyruğu sürətlə böyüyür. Astronomların fikrincə, nüvəsinin ölçüsü təxminən 2 km olan bu kometin Günəşə çox yaxın məsafədən ( ~750000 km) keçdikdən sonra sağ qalması ehtimalı çox azdır.
Hazırda kometin parlaqlığı təxminən +11,6 ulduz ölçüsü səviyyəsindədir və yalnız teleskoplarla müşahidə edilə bilir. Lakin mart ayının son günlərində və aprelin əvvəlində parlaqlığın kəskin artması, hətta adi gözlə görünməsi ehtimalı var. Kometi müşahidə etmək üçün ən uyğun vaxt Günəş batdıqdan dərhal sonra, qərb istiqamətində təxminən 1–1.5 saat ərzində olacaq.
Kometin Günəşə son yaxınlaşma mərhələsi kosmik teleskoplar və koronoqraflar vasitəsilə izlənəcək. Bu müşahidələr alimlərə kometlərin quruluşu və Günəş küləyinin təsiri haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək.