ABŞ Əfqanıstan rəhbərliyini "fidyə almaq və ya siyasi güzəştlər əldə etmək məqsədilə fərdləri qaçıraraq terrorist taktikalarından istifadə etdiyi" əsası ilə haqsız həbsləri dəstəkləyən dövlət siyahısına daxil edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin xarici işlər naziri Marko Rubio sözügedən vəziyyətlə bağlı bəyanat verib. Rubio Əfqanıstan rəhbərliyinin "fidyə və ya siyasi imtiyazlar qazanmaq üçün insanları qaçıraraq terror metodlarına əl atdığını" deyərək, ABŞ-nin Əfqanıstanı haqsız həbsləri dəstəkləyən dövlət siyahısına saldığını elan edib.
Əfqanıstan rəhbərliyinin ABŞ vətəndaşlarını və digər xarici ölkə vətəndaşlarını haqsız yerə həbs etməyə davam etdiyini irəli sürən Rubio bu səbəbdən amerikalıların Əfqanıstana səyahət etməsinin təhlükəsiz olmadığını bildirib:
“”Taliban” Dennis Koylunu, Mahmud Habibini və Əfqanıstanda haqsız yerə saxlanılan bütün amerikalıları dərhal sərbəst buraxmalı, "girov diplomatiyası" təcrübəsinə birdəfəlik son qoymalıdır”.
Haqsız həbsləri dəstəkləyən dövlət anlayışı ABŞ hökumətinin bəzi ölkələrin xarici vətəndaşları siyasi təzyiq vasitəsi kimi özbaşına şəkildə həbs etdiyi və ya saxladığı vəziyyətləri müəyyən etmək üçün istifadə etdiyi təsnifatdır.