EN

Azərbaycan Avropa üçün etibarlı və strateji enerji tərəfdaşı kimi rolunu daha da gücləndirir - AÇIQLAMA

Bakı, 10 mart, AZƏRTAC

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası Cənub Qaz Dəhlizinin regional və qlobal enerji təhlükəsizliyində oynadığı strateji rolu bir daha nümayiş etdirdi. Tədbirdə İlham Əliyev iştirak edərək layihənin gələcək inkişaf perspektivləri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunub.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi təkcə enerji layihəsi deyil, həm də genişmiqyaslı geosiyasi və iqtisadi əməkdaşlıq platformasına çevrilib.

“Bu layihə Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa üçün etibarlı və strateji enerji tərəfdaşı kimi rolunu daha da gücləndirir. Cənub Qaz Dəhlizi Xəzər hövzəsində hasil olunan təbii qazın Avropa bazarlarına çatdırılması üçün yaradılmış geniş infrastruktur sistemidir. Bu dəhliz bir neçə mühüm enerji layihəsini özündə birləşdirir və region ölkələri arasında enerji əməkdaşlığının genişlənməsinə xidmət edir. Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan qazı artıq Avropa enerji bazarının mühüm elementlərindən birinə çevrilib. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasının əsas sütunlarından biridir və ölkəyə bir sıra mühüm iqtisadi üstünlüklər qazandırır. İlk növbədə, bu layihə Azərbaycanın qaz ixrac marşrutlarını şaxələndirərək ölkənin enerji resurslarının daha geniş coğrafiyada satışına imkan yaradır. Eyni zamanda, qaz ixracı dövlət büdcəsinə sabit və uzunmüddətli gəlir mənbəyi formalaşdırır, ölkəyə valyuta daxilolmalarını artırır və milli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir”, - deyə Samir Heydərov vurğulayıb.

Ekspert bildirib ki, son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin daha da aktuallaşması fonunda Azərbaycan qazına olan maraq artıb: “Bu baxımdan Azərbaycan Avropa üçün alternativ və etibarlı enerji mənbələrindən biri kimi çıxış edir. Məşvərət Şurasının iclasında Azərbaycanın təbii qazının Avstriya və Almaniya bazarlarına ixrac imkanlarının müzakirə olunması da layihənin coğrafiyasının daha da genişlənəcəyini göstərir”.

Samir Heydərov qeyd edib ki, hazırda Azərbaycan Avropa İttifaqına üzv olan 10 ölkə də daxil olmaqla ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş olduğunu təsdiqləyir və ölkəmizin beynəlxalq enerji bazarındakı rolunun getdikcə artdığını göstərir.

Ekspertin fikrincə, Cənub Qaz Dəhlizi region ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə də mühüm töhfə verir.

“Layihə tranzit ölkələr üçün əlavə iqtisadi imkanlar yaradır, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə təkan verir, nəqliyyat və logistika imkanlarının inkişafına şərait yaradır. Bununla yanaşı, enerji bazarında rəqabətin artmasına və təchizatın daha sabit və təhlükəsiz şəkildə təşkil olunmasına xidmət edir”, - deyə o bildirib.

Samir Heydərov vurğulayıb ki, Bakıda keçirilən Məşvərət Şurasının iclası Azərbaycanın enerji diplomatiyasının uğurlu nəticələrini bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, bu layihə Azərbaycanın təkcə Cənubi və Cənub-Şərqi Avropa deyil, həm də Mərkəzi Avropa bazarlarına çıxışını genişləndirir.

Ekspert hesab edir ki, Cənub Qaz Dəhlizi artıq Cənubi Qafqaz və Balkan regionunun enerji xəritəsini dəyişdirən ən mühüm strateji layihələrdən biri kimi qiymətləndirilir. Bu layihə həm region ölkələrinin iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə uzunmüddətli töhfə verməkdə davam edəcək.

Chosen
116
1
azertag.az

2Sources