Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Yardım ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən deputat Naqif Həmzəyev bildirdi ki, yardım karvanı qonşu İran xalqının aktual ehtiyaclarını nəzərə alaraq formalaşdırılmış və iki ölkə arasında qardaşlıq münasibətlərinin əyani ifadəsi kimi dəyərləndirilir:
"Humanitar yardımın göndərilməsi Azərbaycanın həmişə konstruktiv regional siyasət yeritmək əzmini bir daha təsdiq edir. Bu addım eyni zamanda iki qonşu dövlət arasında mövcud olan köklü tarixi-mədəni bağları daha da möhkəmləndirir. Azərbaycan-İran münasibətləri son illərdə müxtəlif çətinliklərlə üzləşib. Belə bir şəraitdə humanitar yardımın göndərilməsi diplomatik cəhətdən son dərəcə önəmlidir. Bu addım iki ölkə arasında etimad mühitinin bərpasına töhfə verir, regionda humanitar dəyərlərə hörmət edilməsinin nümunəsini ortaya qoyur və Azərbaycanın qonşu xalqlarla mehriban münasibətlərə verdiyi önəmi bir daha təsdiqləyir. Ekspertlər bu addımı iki ölkə arasındakı münasibətlərin normallaşması prosesinin mühüm bir mərhələsi kimi dəyərləndirir. Humanitar diplomatiya tərəflər arasındakı anlaşmazlıqları aradan qaldırmaq üçün effektiv vasitə olmaqla yanaşı, xalqlar arasında dostluğun möhkəmləndirilməsinə də xidmət edir. Azərbaycanın İrana göndərdiyi humanitar yardım yalnız maddi dəstəkdən ibarət deyil, bu, böyük bir siyasi iradənin, qardaşlıq ruhunun və regional sabitliyə olan sadiqliyinin simvoludur".
Nuriyyə NATİQQIZI