İsrail Müdafiə Qüvvələri Tehrana gecə hava zərbələrinin növbəti seriyası çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün ballistik raketlərin hazırlanması və sınaqlarının aparılması üçün nəzərdə tutulan yeraltı obyekti vurub.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Ən mühüm zərbələrdən biri SEPAH-ın sərəncamında olan silah tədqiqat və hazırlama kompleksinə endirilib", - rəsmi bəyanatda qeyd olunur.
Kompleks SEPAH-ın Mərkəzi Hərbi Universitetinin ("İmam Xomeyni") mərkəzində yerləşirdi və əməliyyat fəaliyyəti üçün ehtiyat obyekt və toplanma yeri kimi xidmət edirdi.
Qeyd olunan komplekslə yanaşı, İsrail həmçinin "Əl-Qüds" bölməsinin baş qərargahının ərazisindəki infrastruktur obyektlərinə və Tehranın silah və müdafiə sistemlərinin istehsalı ilə məşğul olan digər müəssisələrə zərbələr endirib.