EN

Türkiyəli olimpiya mükafatçısı: “Bir neçə idmançımızdan Avropa çempionluğu gözləyirəm”

“Hədəfimiz ən azı 5 medal qazanmaqdır. Bir neçə idmançıdan Avropa çempionluğu gözləyirəm”.

Bu sözləri güləş üzrə Türkiyə millisinin baş məşqçisi Soner Demirtaş Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, komanda yarışa 10 idmançı ilə qatılıb: “Yarışın ilk günündə 5 güləşçi xalçaya çıxıb, hazırda isə 3 idmançının təsəlliverici görüşləri olacaq və gün ərzində daha 5 idmançımız mübarizə aparacaq”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

S.Demirtaşın sözlərinə görə, komanda ötən il U-23 dünya çempionatında 4, Avropa çempionatında isə 7 medal əldə edib: “Bu il də əsasən eyni heyətlə yarışa qatılmışıq. İlk “üçlük”də yer almağı hədəfləyirik”.

Baş məşqçi əlavə edib ki, bu gün komandanın 3 medal görüşü var və təcrübəli idmançılardan uğurlu nəticələr gözlənilir.

O bildirib ki, heyətdə öz yaş kateqoriyalarında Avropa və dünya çempionatlarının mükafatçıları yer alır: “Həmin idmançılardan bir neçəsi yaxın zamanda Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatında da iştirak edəcək”.

Soner Demirtaş üçqat Avropa çempionudur. O, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

İdman.Biz
Chosen
41
2
idman.biz

3Sources