EN

Yeni dini lider İranda dəyişiklik edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İranın yeni Ali dini lideri Xameneinin oğlu Müctəba Xamenei İranın növbəti ali dini lideri seçilib. Müctəba Xameneinin İranda ən güclü qüvvə - İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əlaqələrinin olduğu deyilir.

 

Bəs yeni dini liderlə İran hakimiyyətində hansı siyasi dəyişikliklər gözlənilir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi ekspert Abutalıb Səmədovun sözlərinə görə, İranın yeni dini lideri son illər baş verən hadisələrdən nəticə çıxartmaq məcburiyyətindədir. O bildirib ki, nə qədər etiraf olunmasa da, İran həm iqtisadi cəhətdən, həm də hərbi cəhətdən çox ciddi yaralar alıb:

 

 

“Şəhərlər dağıdılıb, İranın rəhbər kadrları, bundan əvvəlki dini lider, 50-ə yaxın digər rəhbərlər, komandirlər öldürülüb. İranda iqtisadi vəziyyətdən narazıların sayı durmadan artır. Yeni lider bunları nəzərə almalıdır. Tramp, Ekspertlər Şurasının, bütövlükdə İran rəhbərliyinin yanlış qərar verdiyini elan edərək “Bizimlə razılaşdırılmalı idi” dedi. Çox təəssüf reallıq bundan ibarətdir ki, bəzi böyük dövlətlər qonşuları ilə münasibətdə özlərini bu cür aparırlar. ABŞ burada xüsusilə seçilir. Bundan sonra nələrin baş verəcəyini, nə dərəcədə aparılan siyasəti dəyişmək qərarına gəlib onu yeni dini liderin davranışı göstərəcək. Ən əsası danışıqlar prosesində İranın mövqeyi dəyişəcəkmi? Hələlik danışığa da getməyə razı deyillər. Məlumdur ki, əsas tələb İranın nüvə proqramı ilə bağlıdır. ABŞ uranın İran daxilində zənginləşdirilməsini qəbul etmir. İran da bundan imtina etməyəcəyini bildirir. Burada ortaq məxrəcə gəlmək mümkün ola bilərmi? Ballistik raketlərlə bağlı ciddi fikir ayrılığı var, İran bunu müzakirə belə etmək istəmir. ABŞ bu raketlərin həm sayının azalmasını, həm də uzaq mənzilli 300 km-dən artıq ballistik raketlərin olmamasını tələb edir. Digər tərəflər də var ki İran bunları da müzakirə etmək istəmir. Yeni lider bu məsələlərə münasibətini dəyişəcəkmi? Bir tərəfdən dəyişmək məcburiyyətindədir, əks halda, İranı ciddi çətinliklər gözləyir, digər tərəfdən onu seçənlər bu dəyişikliyin əleyhinədirsə, necə dəyişəcəyidir... Yeni dini lideri çox ağır mübarizə gözləyir. Ya indiyə qədər aparılan xətti davam etdirib ABŞ, İsrail, Avropanın 3 aparıcı dövləti və bütövlükdə Avropa ilə ziddiyyətə gedəcək, ya da vəziyyətdən çıxmaq üçün kompromislər axtarmağa çalışacaq ki, bu da İranda müəyyən qüvvələri ciddi şəkildə narazı salacaq. Bütün bunların necə olacağını yaxın aylar göstərəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 10 Mart 2026, 16:01   
Chosen
84
pravda.az

1Sources