Bəlkə də “Qarabağ” bu mövsüm 13-cü çempionluğa qovuşacaq, bəlkə də Azərbaycan “Sabah”ın timsalında yeni çempion tanıyacaq. Qurban Qurbanov aprelin 13-də dünyaya göz açsa da, bu rəqəmin onun üçün düşərsiz olmadığını bildirsə də, fakt budu ki, əksəriyyət 13-ü nəhs rəqəm sayır. Əlbəttə, bu yazı 13-ün düşərli, yoxsa düşərsiz olmasıyla bağlı deyil. Məqsədim, məramım, amacım, niyyətim (lap rəhmətlik Zəlimxan Yaquba oxşadım...) başqadı.
“Qarabağ”ı son bir neçə ildə, daha dəqiqi, Qurban Qurbanov bütün məsələlərdə söz sahibi olandan sonra diqqətlə izləyənlər, yəqin ki, bir məqamın fərqinə varıb: əvvəllər bu komandanın düşərgəsindən kənara nadir hallarda xəbər sızardı, hansısa transfer və ya təyinat rəsmiləşənə qədər bu ölkədə kimsənin o yenilikdən xəbər tutması əsla mümkün deyildi. “Qarabağ”ın rəhbərliyində təmsil olunan bəylər, özəlliklə də baş məşqçi klubu alınmaz, topdağıtmaz qalaya çevirmişdi, vallah-billah, xəbər sızdıranı nəinki Suraxanıdan, hətta Azərbaycandan dərbədər edərdilər. Xəbər-dərbədər – bu da yaxşı qafiyə oldu...
Hə, Avropadakı uğurların, Çempionlar Liqasının pley-offuna çıxmağın şərtləndirdiyi sosiallaşma, ən fərqli niyyətli menecerlərin klubun bazasına ayaq açması, medianın aşırı diqqəti, Qurban bəyin “vintləri bir qədər boşaltması”, ya da başqa nə səbəb oldu – bilmirəm, amma indi “Qarabağ”ın düşərgəsindən az qala hər gün yeni bir xəbər sızır. Hansısa futbolçu paltardəyişmə otağında, ya da bazada Qurban bəyə getmək niyyətini açıqlayandan 5 dəqiqə sonra bütün ölkə növbəti yolçunun kim olacağını bilir. Özü də belə xəbərlər yüzdədoxsandoqquz doğru çıxır. Ya kollektivin daxilində “göstəbək” var, ya da çoxbilmiş həmkarlarımdan hansısa klubun bazasında məsul şəxslərin masasının altına “böcək” bərkidib. Düzdü, ikinci varianta bir o qədər inanmıram. Bu ölkədə Dövlət Təhlükəsizliyi Xidməti yetərincə yaxşı işləyir, həmin “böcək” deyilən qurğu da hər adamda ola bilməz. Gedən futbolçularla yanaşı, gələnlərlə bağlı da eyni tendensiya duyulur. Qurban bəy barmağını hansı futbolçuya tuşlayırsa, adını Azərbaycan duyur. Bütün bu məsələlər o qədər çevik, operativ gerçəkləşir, xəbər mediaya elə tez sızır ki, İranda ali dini rəhbər seçilən istənilən şəxsi dərhal bombalayan ABŞ və İsrail kəşfiyyatı belə həsəd apara bilər. MOSSAD e MOSSAD, MOSSAD da heç zad...
Bəlkə də belə yaxşıdı, bəlkə də çoxları “Qarabağ”ı məhz belə - açıq, hədsiz sosiallaşan, qapılarını ictimaiyyətə tam açan klub kimi görmək istəyir. Bu xətt, tendensiya, yol komandanı daha böyük uğrulara daşıyacaqsa, lap yaxşı, daşımayacaqsa... Orası daha mənlik deyil. Sadəcə, “Qarabağ”ın yeni obrazı diqqətimi cəlb etdi deyə, yazmağı lazım bildim.
HUŞƏNG