Bakı Mühəndislik Universitetində (BMU) Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlıq çərçivəsində “Energy Talks” layihəsi üzrə seminar təşkil olunub.
AzEdu.az xəbər verir ki, seminarda BMU-nun professor-müəllim heyəti, “Elektrik və elektronika mühəndisliyi”, “Energetika mühəndisliyi” ixtisaslarının tələbələri, magistrantlar, həmçinin EMTA-nın nümayəndələri iştirak ediblər.
Seminarda açılış nitqi ilə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov enerji sektorunun ölkənin iqtisadi inkişafında və dayanıqlı gələcəyin təmin olunmasında mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, enerji sahəsində aparılan islahatlar, yeni texnologiyaların tətbiqi və bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlər bu sahədə peşəkar kadr hazırlığının əhəmiyyətini daha da artırır. Prorektor seminarın tələbələrin enerji sahəsində mövcud çağırışlar, imkanlar və perspektivlər barədə biliklərini genişləndirmək üçün əhəmiyyətli platforma olduğunu deyib, müzakirə və təqdimatların faydalı olacağına, yeni ideyaların formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra EMTA-nın Mətbuat sektorunun müdiri Zeynab Kazımova agentliyin ali təhsil müəssisələrinin tələbələri üçün təşkil etdiyi seminar və maarifləndirici layihələr haqqında məlumat verib. Qeyd olunub ki, bu kimi görüşlər tələbələrin enerji sahəsində dövlət siyasəti, tənzimləmə mexanizmləri və sektorda həyata keçirilən yeniliklər barədə məlumatlılığının artırılmasına xidmət göstərir.
Seminarda EMTA-nın Dövlət proqramları və strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Lətifova “Tənzimləyici perspektivindən ölkənin enerji siyasəti”, Enerji sahəsində liberallaşdırma şöbəsinin mütəxəssisi Mətin Şıxıyev “Bərpa olunan enerji sahəsinə baxış”, Enerji effektivliyi departamentinin direktor müavini, Layihələrlə iş sektorunun müdiri Şahin Məhərrəmli isə “Enerji effektivliyi fondunun fəaliyyəti” mövzularında təqdimatla çıxış ediblər.
Çıxışlarda dövlətimizin enerji siyasəti, enerji sektorunda aparılan islahatlar, agentliyin fəaliyyət istiqamətləri, dövlət tənzimlənməsi və nəzarətin həyata keçirilməsində rolundan geniş bəhs olunub. Eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılması üçün həyata keçirilən layihələr, o cümlədən bərpa edilən enerjiyə yaranan təlabat, bu yöndə ölkəmizin potensial imkanları istiqamətində məlumatlar nəzərə çatdırılıb.
İnteraktiv şəraitdə davam edən seminarda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







