EN

Dağlar qoynunda Yel çərşənbəsi: Şəkidəki Alban məbədində çərşənbə tonqalı qalandı FOTO VİDEO

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəki, 10 mart, AZƏRTAC

Təbiətin qış yuxusundan ayıldığı, dağların nəfəsinin isindiyi bir vaxtda qədim Şəki yenə öz sehrli ağuşunu doğma adət-ənənələrimizə açıb. Sıx meşələrin ətəyində, tarixin daş yaddaşına həkk olunmuş Kiş kəndi bu gün sadəcə bir məkan deyil, həm də keçmişlə gələcəyin vəhdət təşkil etdiyi mənəviyyat ocağına çevrilib. Havada duyulan bahar təravəti və qədim divarların pıçıltısı sanki əsrlər öncəsindən süzülüb gələn bir bayram müjdəsini pıçıldayır.

Şəki Azərbaycanın tarix və mədəniyyət mərkəzlərindən biri kimi, hər zaman milli kimliyimizin istinad nöqtəsi olub. Novruzun müjdəçilərindən olan Yel çərşənbəsi tonqalının “Kiş” Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Alban məbədinin qarşısında qalanması isə xalqımızın tolerant və multikultural dəyərlərini bir daha nümayiş etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi Şəkidə özünəməxsus el mərasimləri və adət-ənənələrlə qeyd olunur. Xalq arasında “Külək oyadan”, “Küləkli çərşənbə” kimi də tanınan bu gün ilaxır çərşənbələrin üçüncüsüdür. Şifahi xalq yaradıcılığında yelin müqəddəsliyi və onun təbiətə həyat verməsi ilə bağlı çoxsaylı əfsanə, bayatı və inanclar mövcuddur.

Axşamdan əsən güclü külək dağlar qoynuna sığınan Kiş kəndində səngisə də, səhər tezdən ərazidə xüsusi bir canlanma yaşanırdı. M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən “Narınqala” Folklor evinin təşkilatçılığı ilə keçirilən tədbirdə əsl bayram ab-havası hakim idi. “Qara zurna” yanğılı və şaqraq avazı ətrafa yayıldıqca, havanın soyuqluğu unudulur, insanların üzündə səmimi təbəssüm yaranırdı.

Mərasimdə bayramın ayrılmaz atributları — rəngarəng xonçalar, boy boylamış səmənilər, sac üstündə çıtırdayan buğda qorğası və qaynar samovarlar qonaqları sanki keçmişin nağıllar dünyasına aparırdı. “Narınqala” Folklor evinin direktoru Nəzakət Qaffarova və Qoruq direktoru Vasif Paşayev bu cür tədbirlərin milli mədəniyyətimizin təbliğindəki əhəmiyyətini vurğulayıblar.

Tədbirin ən duyğulu anları isə şəhid anası, Əməkdar müəllim Dursun Cavadovanın çıxışı oldu. O, qədim Alban məbədinin qarşısında yüksələn bu bayram sədalarını milli birliyimizin sarsılmaz rəmzi kimi qiymətləndirdi. Hətta ABŞ-dən gələn Eren Siridao kimi xarici qonaqlar da bu qədim ayinlərin sehrinə düşərək, Azərbaycanın qonaqpərvərliyinə heyranlıqlarını gizlətməyiblər.

Yel çərşənbəsi tonqalını Vətən müharibəsi qazisi Qaçay Abdullayev alovlandırdıqdan sonra alov göyə yüksəldi və hər kəs əl-ələ verib, “Yallı” rəqsinə başladı. Kəndirlə güc sınama yarışları və alovun üzərindən atlanaraq "ağırlığım-uğurluğum odlara" deyimi ilə ruhun təmizlənməsi ayini mərasimə xüsusi rəng qatdı.

Kiş Alban məbədinin qədim daşları arasında yandırılan bu tonqal adi tonqal deyil, əsrlərin o tayından gələn işığın gələcəyə ötürülən məşəli idi. Bu atəş Azərbaycanın multikultural ruhunun, fərqli inancların və tarixin qardaşlıq içində yaşamasının canlı sübutudur.

Yel əsdi, təbiəti oyatdı,

Tonqal qalandı, ruhları isitdi.

Şəkinin bu müqəddəs guşəsindən dünyaya yayılan bayram sədası isə bir daha xatırlatdı: bizim gücümüz birliyimizdə, zənginliyimiz isə tariximizə olan sadiqliyimizdədir. Yel çərşənbəniz mübarək!

Müxbir - Rasim İslamoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
azertag.az

1Sources