Ekspert diqqətə çatdırıb ki, əsl problem saxta yumurta deyil, köhnə, yaxud xarab olmuş yumurtalardır və bunu yoxlamaq üçün evdə sadə testlər etmək olar: “Bir qaba su doldurub, yumurtanı içinə qoyaq. Təzə yumurta dərhal suyun dibinə çökür. Əgər yumurta suyun üzündə qalırsa, deməli, xarab olub və tərkibində qazlar yaranıb. Yumurtanı sındırdıqda sarısının və ağının vəziyyətinə diqqət edə bilərik. Təzə yumurtanın sarısı hündür və bütöv qalır, ağı isə sıx şəkildə sarının ətrafında toplanır. Yumurtanı qıranda kəskin, xoşagəlməz qoxu gəlirsə, bu yaxşı əlamət deyil. Əgər sındıran kimi sarı dağılırsa və ağ hissə su kimi yayılırsa, bu yumurta ya çox köhnədir, ya da düzgün şəraitdə saxlanılmayıb”. Qida mütəxəssisi həmçinin marketdən yumurta alarkən mütləq üzərindəki ştampa və istehsal tarixinə baxmaq lazım olduğunu qeyd edib: “Qabığı çatlamış yumurtalar təhlükəlidir. Çatlamış qabıqdan içəri zərərli bakteriyalar asanlıqla keçə bilir. Yumurtanı evə gətirdikdən sonra yumaq olmaz. Onu yalnız bişirməzdən dərhal əvvəl yuya bilərik. Qabıqdakı təbii qoruyucu təbəqə yuyulduqda bakteriyalar içəri daha tez sızır. Yumurtaları soyuducuda, digər qidalardan ayrı saxlamalıyıq. Ən riskli yumurta düzgün saxlanılmayan və xarab olandır. Ən praktik yanaşma mənbəyə baxmaqdır. Qablaşdırma, istehsalçı adı, tarix və markalama varsa, məhsul daha izlənilə bilən olur. Naməlum yerdən, izsiz satılan yumurtada risk daha yüksəkdir. Risk dedikdə isə əsasən saxtalıqdan çox, saxlanma və gigiyena nəzərdə tutulur”. Sevinc İbrahimzadə / Metbuat.az