EN

Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK PROQNOZ

Son günlər Ukrayna ordusunun bəzi ərazilərdə irəliləyiş əldə etməsi ilə bağlı səsləndirilən açıqlamalar müharibənin gedişinə dair müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə, cənub və şərq istiqamətlərində baş verən proseslər həm hərbi ekspertlərin, həm də ictimaiyyətin diqqət mərkəzindədir. Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Aleksandr Komarenko bildirib ki, Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin ərazilərini, demək olar ki, tamamilə azad edib.

Hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a şərhində deyib ki, azadetmə əməliyyatı keçən ilin dekabr ayında başlayıb.

uzeyir

Ekspertin sözlərinə görə, bu onu göstərir ki, Ukrayna ordusu qarşı tərəfin az qala hər əsgərinə qarşı 2-3 dron buraxıb:

“Rusiya əsgərləri daha çox dron zərbələrindən ölürlər. Harada gizlənməsindən asılı olmayaraq, gecə ya gündüz, yaxud hava şəraitindən asılı olmayaraq, rus əsgərlərinin yerini müəyyən etmək Ukrayna ordusu üçün elə də böyük çətinliklər törətmir. Rusiya ordusunun daha çox Donetsk istiqamətində irəlilədiyini deyənlər var. Rusiya ordusunun bu istiqamətdə müəyyən uğurları var. Dneprepetrovsk, Zaporojye, Xerson istiqamətlərində isə Rusiya ordusunun çox böyük itkiləri var. Müharibə hazırda elə bir mərhələdədir ki, qarşıdakı həftələrdə döyüşlər daha da qızışacaq. Havalar isindikcə, mart-aprel aylarında əvvəllər aktiv hərəkət olmayan istiqamətlərdə də hücum əməliyyatları intensivləşəcək.

Bu il müharibənin dayanacağını düşünmürəm. Müharibəni dayandırmağa söz vermiş ABŞ daha çox İrana köklənib. Ötən gün Donald Trampla Vladimir Putin telefonla danışıb. Məlum oldu ki, Rusiyanın müharibəni dayandırmaq fikri yoxdur. Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, müharibəni başlayan tərəf dayandırmalıdır. Sanki müharibəni Rusiya başlamayıb”.

Üzeyir Cəfərovun fikrincə, qarşıdakı dövrdə Rusiya-Ukrayna müharibəsində amansız döyüşlərin şahidi olacağıq:

“Ukrayna ordusu bəzi istiqamətlərdə əks-hücuma keçib. Bu günlərdə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bəyan edib ki, ordu müəyyən ərazilərdə tam üstünlük əldə edib. Bunu əks-hücum kimi dəyərləndirmək olarmı? sualına o, yayındırıcı cavab versə də, görünən odur ki, Ukrayna ordusu müəyyən istiqamətlərdə irəliləyir. Aleksandr Komarenkonun açıqlaması da bunu deməyə əsas verir. Ukrayna ordusu 400 kvadrat kilometr ərazini işğaldan azad edib. Bu, böyük ərazidir. Ukrayna ordusunun dayanmaq fikri yoxdur. 3 yaşayış məntəqəsində son işlər görülür, 2 kənddə təmizləmə işləri başa çatıb, yəni Rusiya ordusunun ayrı-ayrı bölmələri ya təslim olub, ya da zərərsizləşdirilib. Ukrayna ordusuna ukraynalı əsirlərlə mübadilə üçün sağ rus əsgərləri lazımdır”.

Nigar Həsənli,
Musavat.com

Chosen
43
musavat.com

1Sources