EN

Avtobusda qarğıdalı, pirojki, sucuq yemək kimi davranışlarda məqsəd...- ilginc açıqlamalar

"Nikol Paşinyanın xanımından, daha dəqiqi, xanımının Paşinyandan ayrılmasının seçkinin nəticəsinə həlledici təsir edəcəyini düşünmürəm. Amma oradakı topluma bu boşanmanın seçkinin hakimiyyət üçün arzuolunmaz nəticələrə bitməməsi üçün, yaxud da o cür bitəcəyi proqnozlaşdırıldığından baş verdiyi, yəni bunun bir oyun olduğu aşılanarsa, onda imic itkisi və mənfi təsir gözləniləndən daha böyük ola bilər".

Deputat Sahib Alıyev bunu Musavat.com-a açıqlaması zamanı bildirib.

Milli Məclisin üzvü Ermənistanda seçkiqabağı situasiyadan, eyni zamanda Paşinyan ailəsində baş verənlərdən bəhs edərkən maraqlı məqamlara toxunub: “Ümumiyyətlə isə, Ermənistanda seçicisini ən çox düşündürən təhlükəsizliyi və dolanışığıdır. Burada əgər nəzərə alsaq ki, təhlükəsizliklərinə təhdid gözündə ən çox Azərbaycanla Türkiyə görünür onda hər iki ölkə ilə qarşıdurmada yox, əməkdaşlıqda maraqlı olanlara üstünlük veriləcəyini düşünmək olar. Azərbaycanın Ermənistana Rusiyadan alınandan daha ucuz neft məhsulları satması da yəqin həm də ikinci faktorla bağlıdır. Açıq deyək ki, biz Ermənistanda regionda sülhdə maraqlı olmayan güclərin diqtəsi ilə hərəkət edən revanşistlərin hakimiyyətə gəlmələrində qətiyyən maraqlı deyilik və bunu da gizlətmirik”.

S.Alıyev qeyd edib ki, ABŞ-nin Respublikaçılar İnstitutunun bu yaxınlarda keçirdiyi rəy sorğusu da Ermənistanda cəmiyyətin parçalandığını, amma buna baxmayaraq, seçicilərin baş nazir Nikol Pashinyan və onun partiyasına əvvəlki qədər olmasa da, yenə də üstünlük verdiyini üzə çıxardı: “Ümümiyyətlə, hazırda seçicilərin 24-29%-i Paşinyanın, 12-14% isə Samvel Karapetyanla (9-11%) Robert Köçəryanın (2-3%) partiyalarına səs verəcəklərini bildiriblər. Digər müxalifət partiyalarının 4 faizlik baryeri aşmaları sual altındadır və hətta Köçəryanın daşnaklarla birgə yaratdığı alyansın da eyni vəziyyətlə üzləşmələri mümkündür. Çünki reytinqləri 3-4% civarındadır. Yəqin bu səbəbdən Rusiya Ermənistanda hökuməti dəyişməkdən çox, artıq siyasi balans yaratmaq və Paşinyanı məhdudlaşdırmaq variantına üstünlük verdiyini sərgiləyir”. Deputat həmçinin bir məqamı da vurğulayıb: “Amma rəyi öyrənilənlərin təxmnən üçdən biri seçkiyə getməyəcəklərini deyiblər ki, Ermənistan baş nazirinin komandasındakılarla avtobus turları və orada pirojki, yaxud qarğıdalı yemələri məhz bununla bağlıdır. Onlar həm də bu yolla tərəddüd edən seçicini seçkiyə cəlb etmək və hakim partiyaya səs verdirmək niyyəti güdürlər. Burada yeni heç nə yoxdur, avtobusda qarğıdalı, pirojki, sucuq yemək kimi davranışlarda məqsəd xalqa “hakimiyyət məni dəyişməyib, sizdən biri olaraq qalıram” ismarıcını verməyə hesablanıb, yəni emosional kommunikasiyanın, sadə adam imici formalaşdırmağın klassik metodlarından biridir”.

S.Alıyevin sözlərinə görə, burada yeni heç nə yoxdur: “Sırf kütləyə hesablanmış oyundur. Hazırlıqlı seçici üçün isə süni PR, populizm və siyasi səhnəcikdir. Açığı, onun bu emosional kommunikasiya strategiyasının partiyasının səs payının indiki 24–29 % səviyyəsindən daha yüksək olmasına yol açacağını düşünsəm də, əminliklə yenə də təkbaşına hökumət formalaşdıracaqlar demək hələlik mümkün deyil. Paşinyanın yardıma ehtiyacı var və onun hakimiyyətdə qalmasında maraqlı olanlar, ilk növbədə də qərbdəkilər yəqin bunu görürlər”.

E.Paşasoy,
Musavat.com

Chosen
51
musavat.com

1Sources