EN

Yaxın Şərqdə münaqişə fonunda Avropada qaz qiymətləri iki dəfə artıb

Birja məlumatlarına görə, fevralın sonundan etibarən Avropa bazarında qaz kotirovkaları 100 faizdən çox yüksəlib və son üç ilin ən yüksək səviyyələrindən birinə yaxınlaşıb...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi enerji bazarındakı birja məlumatlarına istinadən məlumat yayıb. Bildirilir ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Avropa bazarında qazın qiyməti fevralın sonundan etibarən 100 faizdən çox artıb.

Məlumata görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qədər qaz kotirovkaları 382 dollar səviyyəsinə qədər enmişdi. Bu qiymət fevralın 27-də, İrana qarşı hücumdan əvvəlki son ticarət günündə qeydə alınmış minimum göstərici olub.

Bunun ardınca enerji bazarında kəskin qiymət artımı müşahidə olunmağa başlayıb. Martın 2-də, münaqişənin kəskinləşməsindən sonrakı ilk ticarət günündə qazın qiyməti qısa müddətdə təxminən 50 faiz yüksəlib. Artım növbəti gün də davam edib və kotirovkalar daha 45 faiz artıb.

Martın 9-da isə Avropa birjalarında qazın qiyməti son üç il ərzində ilk dəfə olaraq 820 dollar həddinə yaxınlaşıb. Bu göstərici həmin gün ticarət sessiyasında qeydə alınan maksimal qiymət olub.

Ekspertlər qeyd edirlər ki, Yaxın Şərqdəki gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərir. Xüsusilə də Hörmüz boğazı kimi strateji marşrutlarda mümkün təhlükələr dünya enerji təchizatına dair narahatlıqları artırır.

Bundan əvvəl Qərb mediası da məlumat yaymışdı ki, Hörmüz boğazı vasitəsilə enerji tədarükündə uzunmüddətli fasilələr yaranacağı təqdirdə ABŞ bütün strateji neft ehtiyatlarını bazara çıxarsa belə, qlobal enerji bazarlarında sabitliyi tam şəkildə bərpa etmək mümkün olmaya bilər.

Poliqon.info

Chosen
80
poliqon.info

1Sources