EN

Azərbaycan JF-17 qırıcılarını Türkiyənin ASELPOD sistemləri ilə təchiz edəcək

Azərbaycan hərbi hava qüvvələrinin Pakistan istehsalı olan JF-17 Thunder Block III qırıcılarını Türkiyənin ASELSAN şirkətinin hazırladığı ASELPOD hədəfləmə sistemləri ilə təchiz edəcəyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) silah transferləri bazasının yenilənmiş məlumatlarında yer alıb. Məlumata görə, Azərbaycan Türkiyədən 40 ədəd ASELPOD sifariş edib. Bu say ölkənin Pakistanla bağladığı müqavilə çərçivəsində alınacaq 40 ədəd JF-17 Block III qırıcısının sayına uyğundur.

Qeyd edək ki, Azərbaycan və Pakistan arasında təxminən 4,6 milyard dollar dəyərində müqavilə imzalanıb. Müqaviləyə təyyarələr, silah sistemləri, pilotların hazırlığı, texniki xidmət və ehtiyat hissələri daxildir. İlk təyyarələr 2025-ci ilin payızında ölkəyə gətirilib və onların bir qismi artıq hərbi havaq qüvvələrinin inventarına daxil edilib. ASELPOD sistemi yüksək dəqiqlikli infraqırmızı kameralar, lazer məsafəölçən və lazer hədəf göstərmə avadanlığı ilə təchiz olunub. Bu texnologiya döyüş təyyarələrinə uzaq məsafədən hədəfləri aşkar etmək, izləmək və yüksək dəqiqliklə zərbə endirmək imkanı verir. Sistem həm gündüz, həm də gecə şəraitində əməliyyatların effektivliyini artırır.

Ekspertlərin fikrincə, ASELPOD kimi hədəfləmə modullarının qırıcı təyyarələrə inteqrasiyası onların yalnız hava döyüşlərində deyil, həm də yerüstü hədəflərə qarşı dəqiq zərbə imkanlarını xeyli genişləndirir. Bu isə Azərbaycan Hərbi Hava Qüvvələrinin çoxməqsədli əməliyyat qabiliyyətini artıran əsas texnoloji elementlərdən biri hesab olunur. Maraqlıdır ki, ASELPOD sistemi artıq Pakistan hərbi hava qüvvələrinin JF-17 təyyarələrində istifadə olunur. Bu isə eyni platformada texniki uyğunluq və inteqrasiyanın daha asan həyata keçirilməsini təmin edir. Analitiklər hesab edir ki, JF-17 qırıcılarının Pakistan, hədəfləmə sistemlərinin isə Türkiyə tərəfindən təmin edilməsi Bakı-Ankara-İslamabad müdafiə əməkdaşlığının daha da dərinləşdiyini göstərir.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
58
2
musavat.com

3Sources