EN

UNCTAD: Hörmüz boğazında gərginlik qlobal təchizat zəncirlərini sarsıda bilər

Qahirə, 11 mart, AZƏRTAC

Hörmüz boğazında gəmiçilik fəaliyyətinin pozulmasınin enerji və gübrə kimi sektorlarına təsirləri narahatlıq doğurur. Yeni yaranan vəziyyətin mənfi nəticələri, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün daha ağır ola bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) son hesabatında yer alır. “Mövcud vəziyyətin enerji bazarlarına, dəniz nəqliyyatına və qlobal təchizat zəncirlərinə təsirləri narahatlıq doğurur”, - deyə hesabatda deyilir.

Hesabatda vurğulanır ki, qlobal bazarlarda neft qiymətlərinin artması ilə yanaşı, neft tankerləri üçün daşınma tarifləri və müharibə riskləri üzrə sığorta haqları da kəskin yüksəlir. Eyni zamanda, gəmi yanacağının qiyməti artır ki, bu da nəqliyyat xərclərini yüksəldir.

Hesabatda qeyd olunur ki, inkişaf etməkdə olan iqtisadiyyatlar yeni qiymət şoklarını qarşılaya bilmirlər. Bu ölkələrdə borc səviyyəsi yüksəkdir və borclanma faizləri artıb. Həmçinin, vurğulanır ki, dəniz yolu ilə daşınan qlobal gübrə təchizatının təxminən üçdə biri (təxminən 16 milyon ton) Hörmüz boğazından keçir və bu vəziyyət daha kasıb ölkələrin bəzilərinin gübrə çatışmazlığı ilə üzləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Bu kontekstdə Ümumdünya Ərzaq Proqramı qlobal təchizat zəncirlərinin tarixində yeni dönüş nöqtəsi barədə xəbərdarlıq edib və bunun iqtisadiyyata, ərzaq təhlükəsizliyinə və humanitar yardımlara təsir göstərə biləcəyini bildirib. Təşkilat mövcud vəziyyəti 2020-ci ildə COVID-19 pandemiyasının başlanğıcı və ya 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının ilk dövrləri ilə müqayisə edib. Həmin böhranlar enerji və nəqliyyat sahəsindəki problemlərin bir-biri ilə əlaqəli bazarlar vasitəsilə necə yayıla bildiyini göstərmişdi.

Qeyd etmək lazımdır ki, İran ətrafında baş verən hərbi əməliyyatlar nəticəsində qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında gəmilərin hərəkəti pozulub. Bu boğazdan dünya üzrə neft təchizatının təxminən dörddə biri və mayeləşdirilmiş təbii qaz təchizatının beşdə biri keçir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
63
3
azertag.az

4Sources