EN

BEA Yaxın Şərqdə gərginlik fonunda rekord həcmdə neftin bazara çıxarılmasını müzakirə edir – WSJ

Beynəlxalq Enerji Agentliyi (BEA) ABŞ, İsrail və İran arasında Yaxın Şərqdə davam edən müharibə fonunda neft qiymətlərinin kəskin artmasının qarşısını almaq üçün tarixində ən böyük həcmdə strateji ehtiyatın bazara çıxarılmasını təklif edib. Bu barədə The Wall Street Journal (WSJ) məsələ ilə tanış mənbələrə istinadən yazır.

Məlumata görə, bazara 182 milyon bareldən çox neft çıxarıla bilər. Bu həcmdə ehtiyat sonuncu dəfə 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra qlobal enerji bazarında qiymətlərin sabitləşdirilməsi məqsədilə istifadə olunmuşdu.

Qəzet yazır ki, təşəbbüs martın 10-da BEA-nın 32 üzv ölkəsinin nümayəndələrinin təcili iclasında müzakirə edilib. Görüşdə Yaxın Şərqdə artan gərginlik və bunun qlobal enerji bazarına mümkün təsirləri fonunda bazarın sabitləşdirilməsi üçün tədbirlər nəzərdən keçirilib.

Mənbələrin bildirdiyinə görə, məsələ ilə bağlı yekun qərarın 11 martda verilməsi planlaşdırılır. Təklifin qəbul edilməsi üçün isə agentliyin bütün üzv dövlətlərinin yekdil dəstəyi tələb olunur.

BEA adətən qlobal enerji təchizatında ciddi risk yarandığı hallarda üzv ölkələrin strateji neft ehtiyatlarından koordinasiyalı istifadə mexanizmini işə salır. Analitiklər hesab edir ki, Yaxın Şərqdə müharibənin genişlənməsi dünya neft tədarükünün mühüm hissəsinin keçdiyi regionda qiymətlərin sürətlə artmasına səbəb ola bilər.

Aytac 

Chosen
71
anews.az

1Sources