Avropa İttifaqı Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi şəraitdə Cənubi Qafqazda təsirlərini artırır
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu gün - martın 11-də Azərbaycana rəsmi səfər edəcək. “Yeni Müsavat” bildirir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Koşta Azərbaycanın hökumətinin yüksək səviyyəli nümayəndələri ilə bir sıra görüşlər keçirəcək. “Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik tərəfdaşdır. Enerji sahəsində əməkdaşlığımız enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərimiz baxımından mühüm rol oynayır.
Görüşümüz həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün imkan yaradacaq. Avropa İttifaqı Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik nümayiş etdirir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Avropa İttifaqı Azərbaycanda əsas investor və ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Koştanın Azərbaycana planlaşdırılan səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha göstərir. Son illər Avropa üçün enerji təhlükəsizliyi məsələsi prioritetə çevrildiyindən Azərbaycan bu kontekstdə mühüm tərəfdaş kimi ön plana çıxır.
Xüsusilə Avropanın enerji mənbələrini şaxələndirmək siyasəti fonunda Azərbaycan qazının rolu artmaqdadır. Bu baxımdan səfərin əsas mövzularından birinin enerji əməkdaşlığının genişləndirilməsi olacağı gözlənilir. Bakı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməyə çalışdığı halda, Brüssel də regionda sabit və dayanıqlı enerji marşrutlarının qorunmasında maraqlıdır.
Digər tərəfdən, səfər regional geosiyasi vəziyyətin müzakirəsi baxımından da əhəmiyyətlidir. Yaxın Şərqdə və ümumilikdə Avrasiya məkanında baş verən gərgin proseslər fonunda Cənubi Qafqazın rolu artır. Bu səbəbdən Avropa İttifaqı Azərbaycanla siyasi dialoqu dərinləşdirməyə və regiondakı proseslər barədə daha sıx koordinasiya aparmağa çalışır.
Ümumilikdə, Koştanın Bakıya səfəri təkcə diplomatik protokol xarakterli görüş deyil. Bu səfər enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar yarada və tərəflər arasında strateji tərəfdaşlığın növbəti mərhələsinə təkan verə bilər.
“Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq, Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək”. Bunu ötən həftə Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib. O bildirib ki, Trans-Adriatik Boru Kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24 milyard avro qazanıb. Mövqeyini açıq şəkildə bəyan etməyi fürsət adlandıran komissar vurğulayıb: “Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq”.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında Avropa İttifaqı (Aİ) ölkələrinin boru kəməri ilə təbii qaz idxalı illik müqayisədə 12% azalaraq 11,5 milyard kubmetr təşkil edib. Bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) məlumatında bildirilib.

Oqtay Qasımov
Siyasi ekspert Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri inkişafdadır. 2022-ci ildə imzalanan memorandumla Aİ-nin Azərbaycanı özünün əsas enerji tərəfdaşlarından biri saydığını deyən həmsöhbətimizin fikrincə, burada xüsusən Ukrayna müharibəsi mövzusunda Qərbin enerji resurslarına ehtiyacı rol oynayır: “Azərbaycan Avropa Birliyinin 10-dan artıq üzv ölkəsinə enerji ixrac edir. Hazırda Hörmüz boğazının bağlanması riski var və regionda eskalasiya şiddəti artmaqdadır. Bu da Avropa İttifaqının enerji resurslarına ehtiyacını artırır. Koştanın məhz belə bir ərəfədə səfəri əhəmiyyətlidir. Görüşdə enerji məsələlərinin və strateji tərəfdaşlığı dərinləşdirmək barədə müzakirələrin aparılacağını gözləyirəm”. Onun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan, həmçinin Cənub Qaz Dəhlizi müzakirə ediləcək: “Hazırkı müharibə şəraiti regionun böyük sahəsini əhatə edir. Amma Azərbaycan və Türkiyə neytral qalmağa çalışır ki, bu da Avropa İttifaqı üçün xüsusən ölkəmizi cəlbedici edir”.

Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, Aİ Şurası Prezidentinin səfəri İran hadisələri ilə eyni vaxta təsadüf etsə də, əvvəldən planlaşdırılıb: “Brüssel Bakı ilə enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Baxmayaraq ki, Azərbaycanın Avropa Şurası və Avropa Parlamenti ilə əlaqələri korlanıb. Ancaq Avropa Komissiyası Azərbaycanla münasibətləri inkişaf etdirir. Komissiya rəhbəri Ursula fon der Leyen Bakıya gələrək strateji qaz sənədi imzalamışdı və Antonio Koştanın səfəri də bu kontekstdə dəyərləndirilməlidir. Eyni zamanda Avropa İttifaqı Cənubi Qafqazda təsiri artırmağa çalışır. Hazırda Ermənistanla əlaqələr genişləndirilir. Bu da Rusiyanın boşalan yerini doldurmağa hesablanıb”.
Təhlilçinin sözlərinə görə, Azərbaycanın Avropanın enerji təminatında mühüm rolunu ABŞ də qiymətləndirir: “Koşta ilk dəfə Bakıya gəlir və Azərbaycan Prezidenti ilə yüksək səviyyəli danışıqlar aparacağı gözlənilir. Nəzərə alaq ki, Avropa İttifaqı Rusiyaya 20-ci sanksiyalar paketini tətbiq edib və onun neft-qaz ehtiyatlarından asılılığı tam azaltmaq niyyətindədir. Bu da Brüssel üçün alternativ bazarlar axtarışına çıxmağı və əlaqələri dərinləşdirməyi qaçılmaz edir. Onu da deyim ki, Azərbaycan qazı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik boru kəməri vasitəsilə Avropaya ixrac olunur. Bu kəmərin ilkin ötürücülük gücü illik 10 milyard kubmetrdir. Ancaq gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır. Yəni bu, çox böyük rəqəmdir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”