EN

"10-15 dəqiqəlik isinmə yaş artdıqca gücün azalmasının qarşısını ala bilər" - Həkim

Məşqdən əvvəl 10-15 dəqiqə düzgün isinmə hərəkətləri etmək zədələnmə riskini azaldır və yaş artdıqca fiziki gücün və dözümlülüyün azalmasının qarşısını almağa kömək edir.

Redaktor.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin travmatologiya, ortopediya və hərbi-sahə cərrahiyyəsi kafedrasının assistenti Taulan Gediev bildirib.

Həkimin sözlərinə görə, insan isinmə hərəkətləri etmədən məşqə başladıqda əzələlər və bağlar kifayət qədər elastik olmur və hərəkətlər üzərində nəzarət zəifləyir. İsinmə isə toxumaları tədricən qızdırır, koordinasiyanı yaxşılaşdırır və stabilizasiyaedici əzələləri aktivləşdirir. Nəticədə hərəkətlər daha dəqiq və təhlükəsiz olur, həddindən artıq yüklənmə nəticəsində yaranan zədələrin riski azalır.

Mütəxəssis qeyd edib ki, idman təbabətində aparılan tədqiqatlar düzgün hazırlığın, xüsusilə qaçış və komanda idman növlərində zədələnmə hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğunu göstərir.

Onun sözlərinə görə, optimal isinmə adətən 10-15 dəqiqə davam etməli və aktiv xarakter daşımalıdır. İlk mərhələdə bədənin ümumi qızdırılması üçün yüngül gəzinti və ya qaçış tövsiyə olunur. Bu zaman nəbz bir qədər artır və bədəndə istilik hissi yaranır. Daha sonra oynaqlarda dinamik hərəkətlər və yüngül aktiv dartınma məşqləri etmək faydalıdır.

Gediev vurğulayıb ki, əsas məşqdən əvvəl uzun müddət eyni vəziyyətdə qalmaqla edilən statik dartınma deyil, məhz dinamik dartınma daha məqsədəuyğundur. İsinmənin sonunda isə planlaşdırılan məşqə bənzər bir neçə hərəkət etmək məsləhətdir ki, əzələlər və bağlar əsas yüklənməyə hazır olsun. Bədənin yüngül qızması və sərtlik hissinin aradan qalxması düzgün isinmənin əsas göstəricisi hesab olunur.

Həkim bildirib ki, düzgün isinmə əzələlərin gücünün və funksiyasının yaş artdıqca qorunub saxlanmasına da şərait yaradır. İnsan mütəmadi və zədəsiz məşq etdikdə əzələlər stabil yüklənmə alır, onların kütləsi qorunur, oynaqların hərəkətliliyi və koordinasiya saxlanılır. Bu isə yaşla bağlı güc və dözümlülüyün azalmasını birbaşa ləngidir. Uzun illər ərzində müntəzəm idmanla məşğul olan, zədələrdən qorunmağa diqqət edən insanlar fiziki formalarını daha uzun müddət saxlayırlar.

Həkim vurğulayıb ki, yaş artdıqca gücü qorumağın əsas yolu təkcə bir dəfə isinmə deyil, sistemli, düşünülmüş və tədricən artırılan məşqlərdir. Onun sözlərinə görə, idman aktiv və sağlam həyatın uzanmasına kömək edir, lakin buna ağıllı yanaşmaq vacibdir. Buna görə də mütəmadi məşq etmək, hər dəfə düzgün isinmə hərəkətləri yerinə yetirmək və yüklənməni tədricən artırmaq tövsiyə olunur.

Nuriyyə NATİQQIZI

Chosen
52
1
redaktor.az

2Sources