EN

Kredit faizlərini dövlət ödəyəcək

Kənd təsərrüfatı ilə məşğul olan sahibkarların xərcləri azaldılır

Prezident İlham Əliyev kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, fermerlər kənd təsərrüfatı üçün lazım olan vasitələri almaq üçün kredit götürdüyü halda faizinin ödənilməsinə dövlət dəstəyi veriləcək. Bu, istehsal və emal edilən məhsulun qiymətlərinə təsir edəcək. Belə ki, indiyə qədər kreditlərin faiz ödənişləri məhsulun maya dəyərinin üzərinə əlavə olunduğundan istehsalın maya dəyəri artırdı. Artıq faizləri dövlət ödədiyindən sahibkarların xərcləri azalacaq. Sahibkarlar tərəfindən götürülən kreditlərin faizləri dövlət büdcəsi hesabına Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən maliyyələşdiriləcək.

Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına...

Bu məqsədlə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsinə ayrılmış vəsaitin 10 milyon manatı kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 il müddətə qədər verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlər Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına maliyyələşdiriləcək.

Sahibkarlıq subyektləri güzəştli kreditləri əldə etmək üçün müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) rəsmi qaydada müraciət etməlidir. Müvəkkil təşkilat isə müraciətlərin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq, kredit riskləri təhlil olunmaqla vəsaitin verilməsi barədə qərar qəbul edəcək, yaxud sahibkarlıq subyektlərinə əsaslandırılmış imtina məktubu göndərəcək. Qaydalara əsasən, kreditlə bağlı müsbət rəy almış sahiubkarlara vəsaitin nağd qaydada verilməsi qadağandır, kreditlər sahibkarlıq subyektinin kart hesabına köçürülür. Verilmiş kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilməlidir. Sahibkarlar aldıqları güzəştli kreditlər üzrə əsas borclarını və faiz borclarının agentliyin vəsaiti hesabına maliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun olaraq ödəməlidirlər.

5 min manatdan 1 milyon manatədək...

Aqrar Kredit və İnkişaf Agentliyi öz səlahiyyətləri çərçivəsində kreditlərin istifadə olunub-olunmamasına nəzarət etmək üçün daim monitorinq həyata keçirəcək, əgər  kredit vəsaitindən 3 ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadəsi halları aşkarlanarsa, ödəniş dayandırılacaq. Bu hal üzrə, eyni zamanda, ödənilmiş güzəşt vəsaiti müvəkkil təşkilata köçürülməklə agentliyə geri qaytarılacaq.

Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına verilən kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı, innovativ layihələrin maliyyələşdirilməsi, kənd təsərrüfatı istehsalı vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələri nəzərdə tutur. Eləcə də heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyəşdirilməsi təmin edilir. Müəyyən edilmiş qaydalara əsasən, 5000 manatadək olan vəsaitlər mikrokreditlər, 5001 manatdan 30000 manatadək olan vəsaitlər kiçik həcmli kreditlər, 30001 manatdan 100000 manatadək olanlar orta həcmli kreditlər, 100001 manatdan 200000 manatadək olan vəsaitlər isə  böyük həcmli kreditlər hesab edilir. Bundan başqa, bəzi layihələrə 1 milyon manatadək (əsas etibarilə damazlıq heyvan təsərrüfatları üçün) kredit verilir. Kreditlərin qaytarılma müddəti 2-5 arasında dəyişir. Belə ki, mikrokreditlər 2 ilədək, kiçik və orta həcmli kreditlər 3 ilədək, böyük həcmli kreditlər 5 ilədək, damazlıq heyvanlar üçün 3 ilədək, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ilədək müddət nəzərdə tutulub. Kreditlərin dərəcəsi isə 5-7 faiz müəyyən edilib. Yeni qaydaların tətbiqindən sonra, kredit faizlərini dövlət ödədiyindən fermerlər üçün əsas kredit mükəlləffiyyəti yalnız müəyyən edilmiş borcu geri qaytarmaq olacaq.

KTN və İqtisadiyyat Nazirliyi informasiya sistemlərini inteqrasiya edir

Qeyd edək ki, kənd təsərrüfatı sahəsində güzəştli maliyyələşmə sisteminin elektronlaşdırılması sahibkarların, xüsusən kiçik aqrobiznesin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasında və şəffaflığın təmin edilməsində mühüm rol oynayır. Kreditlərin və faiz ödənişlərinin həyata keçirilməsində hesabatlılıq, dəqiq uçot və şəffaflığı təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Kredit və İnkişaf Agentliyi İqtisadiyyat Nazirliyi ilə birgə informasiya əməkdaşlığı edəcək. Belə ki, kreditlərin təyinatı üzrə xərclənməsini təmin etmək üçün “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS) “aqrar ticarət” altsistemindən istifadə etməlidir.  KTN güzəştli kreditlərin təchizatı üzrə məlumatları ötürürmək məqsədilə EKTİS resursunu İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinə inteqrasiyasa edəcək.

Qeyd edək ki, fermerlərə təqdim olunan dövlət dəstəyi mexanizmləri güzəştli şərtlərlə maliyyələşdirmə ölkə üzrə məhsuldarlığın artmasına və aqrar sahənin inkişafına mühüm töhfə vermək məqsədi daşıyır.

Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə, hökumət  kənd təsərrüfatı sahəsinin inkişafını prioritet məsələ kimi diqqətdə saxlayır. Aqrar sektorda sahibkarlara güzəştli kreditlərin verilməsi üçün əlverişli şəraitin yaradılması, fermerlərin investisiya imkanlarının artırılması və innovativ texnologiyalara çıxışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu addımlar kənd təsərrüfatında dayanıqlı inkişafı və iqtisadi artımı stimullaşdırır. Güzəştli maliyyələşdirmə ilə bağlı fərman da bu sahədə dövlətin növbəti dəstəyi hesab edilə bilər. “2026-cı ildə fermerlər məhz güzəştli kreditlərdən istifadə edə biləcəklər. Praktiki olaraq kredit faizlərinin bir hissəsinin agentlik tərəfindən ödənilməsi bu anlama gəlir ki, bu halda kreditlərin güzəştli formada təqdim olunması və kredit xərclərinin femerlər üçün azaldılmasını müşahidə edəcəyik. Sözsüz ki, bütün bunlar da aqrar sektorun inkişafı baxımından vacib tədbir kimi qiymətləndirilir”.

E.CƏFƏRLİ

1Sources