Dünyanın müxtəlif ölkələrindən Tibetə dəstək qruplarının nümayəndələri Hindistanın Dharamşala şəhərində keçirilən toplantıda “Dharamşala Bəyannaməsi”ni qəbul ediblər. Martın 7-9-u tarixlərində keçirilən Tibetə Dəstək Qruplarının Xüsusi Beynəlxalq görüşündə 32 ölkədən 100-dən çox nümayəndə iştirak edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, bəyannamədə Tibet xalqının azadlıq, ədalət və mədəni-dini kimliyinin qorunması uğrunda mübarizəsinə dəstək ifadə olunub və Tibetdə insan hüquqları vəziyyətinə beynəlxalq diqqətin artırılmasına çağırış edilib.
Toplantıda Mərkəzi Tibet Administrasiyasının prezidenti Penpa Tserinq bəzi Şərqi Avropa nümayəndələrinin Yaxın Şərqdə davam edən müharibə səbəbindən yaranan hava məkanı məhdudiyyətlərinə görə tədbirə qatıla bilmədiyini bildirib.
Sənəddə Çin hökuməti ilə Tibet rəhbərliyi arasında birbaşa dialoqun bərpası və mübahisənin sülh yolu ilə həlli çağırışı da yer alıb. Konfransa qatıla bilməyən Hollivud aktyoru Richard Gere isə iştirakçılara videomüraciət göndərərək Tibet xalqına dəstəyini ifadə edib.
Fatimə Nəbiyeva