EN

Azərbaycanın qədim və orta əsrlərdə şəhərsalma tarixi

Bakı, 11 mart, AZƏRTAC

Arxeoloji tədqiqatlar şəhərsalma prosesinin Azərbaycanda Tunc dövrünə təsadüf etdiyini və erkən əkinçi cəmiyyətin tərəqqisi nəticəsində təşəkkül tapdığını təsdiqləyir. Azərbaycanda şəhər mədəniyyətinin inkişafında Atropatena və Albaniya dövlətlərinin fəaliyyəti mühüm mərhələ olub. Yazılı mənbələrdə Albaniyada 29 şəhər və iri yaşayış məskəninin mövcudluğu əksini tapıb. Albaniyanın paytaxtı olmuş Qəbələdə genişmiqyaslı arxeoloji qazıntılar aparılıb, qədim şəhərin tikililəri üzə çıxarılıb. Qəbələnin arxeoloji memarlığı Albaniyanın antik şəhərsalma və memarlığının başlıca xüsusiyyətlərinin dərk olunmasına imkan yaradır.

Bu fikirlər Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyevin AZƏRTAC-a təqdim etdiyi “Azərbaycanın qədim və orta əsrlərdə şəhərsalma tarixi” adlı məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, orta əsrlərdə Azərbaycanda müsəlman tipli şəhərlər formalaşıb. IX-X əsrlərdə bu proses sürətlənib, şəhərsalma fəaliyyəti genişlənib, şəhər həyat tərzi möhkəmlənib, sosial-psixoloji kontekst dəyişib, yeni tip şəhər formalaşıb. Müsəlman Şərqinin digər ölkələrində olduğu kimi, Azərbaycanda da artıq IX-X əsrlərdə müsəlman şəhəri üçün bütün səciyyəvi əlamətlər mövcud idi. Şəhərlərin əsasən üç topoqrafik hissədən - narınqala (iç qala), şəhristan (içərişəhər) və rabaddan (bayır şəhər) ibarət olması müsəlman cəmiyyətində baş verən sosial-iqtisadi proseslərlə şərtlənmişdi. Şəhər landşaftında məhəllə və Came məscidləri, minarələr və müsəlman memarlığının digər ictimai-dini binaları xüsusi önəm kəsb edirdi. Binaların tikintisində müsəlman memarlığı üçün səciyyəvi olan çatma tağlar, tağ-tavanlar, günbəzlər, çatma tağlı portallar, şəbəkəli pəncərələr, stalaktit karnizlər kimi konstruktiv elementlərdən, interyerin bədii tərtibatında gəc üzrə oyma bəzəklərdən geniş istifadə olunurdu.

Erkən İslam dövründə (VIII-X əsrlər) formalaşan müsəlman tipli Azərbaycan şəhəri səlcuqlar dövründə çiçəklənmə çağını keçirib. Tədqiqatçılar XII əsrdə Azərbaycanda 70-ə yaxın şəhərin olduğunu müəyyənləşdiriblər. Həmin şəhərlərdən bəziləri - Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Naxçıvan, Dərbənd öz köhnə adlarını saxlayıb. Bu şəhərlərdə həyat indiyədək davam etməkdədir. Tarix səhnəsindən silindikdən sonra öz adını yaxın yaşayış məskəninə vermiş şəhərlər də az deyil. Qəbələ, Şabran, Gəncə, Şəmkir, Beyləqan bu qəbildəndir. Arxeoloji tədqiqata cəlb olunmuş bir sıra şəhər yerlərinin, o cümlədən Bəndovan, Şəhərgah və digər abidələrin hansı şəhərə mənsubluğu, onların tarixi adları müəyyənləşdirilməyib. I Bəndovan və II Bəndovan şəhər yerlərinin arxeoloji tədqiqinin özəlliyi ondadır ki, bu abidələrdə sahilkənarı ərazidəki qazıntılar sualtı axtarışlarla əlaqəli şəkildə aparılır. 1938-1940-cı illərdə qədim Gəncə şəhər yerində İsaq Cəfərzadənin rəhbərliyi ilə aparılmış tədqiqatlar Azərbaycanda şəhər arxeologiyası istiqamətində ilk ciddi nailiyyət hesab oluna bilər. Həmin tədqiqatlar nəticəsində toplanan maddi mənbələr hazırda da orta əsr Gəncə şəhərinin səciyyəsi üçün başlıca mənbədir. Keçən əsrin 50-60-cı illərində Mil düzündə orta əsr Beyləqan şəhər yerində aparılmış arxeoloji qazıntılar Azərbaycanın orta əsr şəhərsalma və memarlığının öyrənilməsində mühüm hadisə olub. Oxşar genişmiqyaslı qazıntılar XXI əsrin birinci rübündə Şəmkir şəhər yerində aparılıb. Orada üzə çıxarılan arxeoloji memarlıq kompleksləri, mədəni təbəqələrin yatımından əldə olunan artefaktların kolleksiyası orta əsr şəhər həyatını qabarıq əks etdirir.

Naxçıvan, Şamaxı, Bakı, Dərbənd şəhərlərində həyat bu günədək davam etdiyindən bu abidələrdə aparılan arxeoloji qazıntıları müasir şəhərsalma ilə əlaqələndirilir. Belə bir şəraitdə şəhərin müxtəlif hissələrində qazıntılar aparmaqla tarixi şəhərlərin ümumi mənzərəsini və inkişaf dinamikasını müəyyənləşdirmək mümkündür. Tarixi şəhərlərin özünəməxsus silueti şəhər yerlərində arxeoloqlar üçün üzə çıxardıqları memarlıq komplekslərinin, şəhərlərin plan quruluşunun müəyyənləşdirilməsində və düzgün şərhində olduqca əhəmiyyətlidir. Bu aspektdə İçərişəhər unikal abidədir. Müasir dünyada qədim və orta əsr şəhər yerlərində arxeoloji qazıntı sahələrində üzə çıxarılmış komplekslərin qorunması, muzeyləşdirməsi diqqət mərkəzindədir. Bu aspektdə genişmiqyaslı arxeoloji qazıntılar aparılan Şəmkir şəhər yerində tarixi-mədəni landşaftın, üzə çıxarılmış arxeoloji memarlıq komplekslərin, xüsusilə çiy kərpic memarlığı komplekslərinin konservasiya və muzeyləşdirilməsi şəhərsalma irsimizin daha etibarlı, uzunmüddətli qorunmasını təmin edər.

Chosen
119
1
azertag.az

2Sources