İraqın şiə lideri, İran kökənli ayətullah Əli Sistani bir neçə gün öncə kollektiv cihadın İran İslam İnqilabını qorumaq üçün vacib olduğunu elan edib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi Telegram kanalı məlumat yayıb.
Bəyanatda bildirilir:
“Böyük ayətullah Seyid Əli Sistani, İraqın ali şiə dini otoritələrindən biri olaraq, öz izləyicisindən gələn dini sorğuya (istifta) cavab olaraq, İran İslam İnqilabının müdafiəsi üçün kollektiv cihadın vacib olduğunu vurğulayıb”.
Çağırış hansı nəticələr doğura bilər? Üstündən 4 gün keçib, təsiri müşahidə olunurmu? SEPAH dezinformasiya yaya bilər(di)mi?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, İslam dünyasında cihad çağırışı olduqca ciddi hesab edilir:
“Bu çağırış yalnız düşmənə qarşı hamının aktiv şəkildə cəbhədə döyüşməsi tələbini ifadə etmir. Həm də cəmiyyətin özünün birliyini, vahidliyini təmin edərək monolitliyini qoruyur. Hər kəsi düşmənə nifrət bəsləməyə, döyüş əzmini yüksəltməyə səsləyir. Biz artıq İran cəmiyyətindəki bütövlüyü görürük. ABŞ-İsrail birliyi nə qədər çalışsalar da, İranı daxildən parçalaya bilmirlər. Əksinə, düşmənə nifrətin hər gün artdığı müşahidə olunur. Xarici müdaxilə, o cümlədən Seyid Əli Xameneinin bu müdaxilə nəticəsində ölümü İran cəmiyyətini xeyli dərəcədə birləşdirdi. Parçalanmanın baş verəcəyi hesablamaları özünü doğrultmadı. Sistaninin cihada çağırış bəyanatı verib-verməməsindən asılı olmayaraq, informasiyanın ciddi nəticələri ortadadır. Ona görə də SEPAH-ın məqsədinə xeyli dərəcədə çatdığını deyə bilərik”.
Etibar Seyidağa,
Musavat.com