EN

İctimai nəqliyyatda yeni kartlar Üstünlüklər nələr olacaq?

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti illərdə mühüm dəyişikliklər planlaşdırılır. Bu dəyişikliklər çərçivəsində 2026–2028-ci illər ərzində "brutto müqavilə" modelinə mərhələli keçid nəzərdə tutulur".

Bu sözləri BAKU.WS-ə, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspert qeyd edib ki, bu model tətbiq edildikdən sonra sərnişinlər üçün gündəlik, aylıq və illik bilet paketləri, eləcə də 90 dəqiqə ərzində bir nəqliyyat növündən digərinə pulsuz transfer imkanı yaradılacaq:

"Bundan əlavə, tələbələr, müharibə veteranları və digər həssas sosial qruplar üçün güzəştli bilet paketlərinin tətbiqi də planlaşdırılır.

Məlum yanaşma dünyada yeni deyil. Artıq təxminən 40 ildir bir çox ölkələrdə tətbiq olunur. Məsələn, London və digər böyük şəhərlərdə bu sistemə mərhələli şəkildə keçid edilib. Yeni modelə əsasən, nəqliyyat daşıyıcıları sərnişin sayına görə deyil, qət etdikləri hər kilometrə görə subsidiya alırlar. Bu isə onların marşrutlarda daha stabil və uzun müddət fəaliyyət göstərməsinə stimul yaradır.

Oxşar təcrübələr Türkiyə, Rusiya və bir sıra Avropa şəhərlərində də tətbiq olunur. Yəni söhbət tamamilə yeni mexanizmdən deyil, artıq mövcud olan və səmərəliliyi sübut edilmiş həllərin Azərbaycan reallığına uyğunlaşdırılmasından gedir.

Ümumilikdə məqsəd ictimai nəqliyyatı sürətli, təhlükəsiz və rahat olmaqla yanaşı, həm də sərfəli etməkdir. Bu prosesdə xüsusilə həssas sosial qrupların maraqları nəzərə alınmalıdır".

Rauf Ağamirzəyev sonda əlavə edib ki, şəhərin ucqar ərazilərindən gələn və bir neçə nəqliyyat növü dəyişmək məcburiyyətində qalan vətəndaşların gündəlik xərcləri kifayət qədər yüksək olur. Yeni sistemin tətbiqi isə bu xərclərin optimallaşdırılmasına və sərnişinlər üçün daha əlverişli tariflərin formalaşmasına imkan verəcək.

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
baku.ws

2Sources