EN

Gürcüstan əcnəbilərə qarşı qaydaları sərtləşdirdi deportasiyalar başladı

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gürcüstanda əcnəbilərin işləmə hüquqları sərtləşdirilib və deportasiya tədbirləri gücləndirilib.

Bakupost.az “Evraziya Daily” saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və Mərkəzi Asiya ölkələri daxil olmaqla ümumilikdə 14 ölkənin vətəndaşı olan 74 nəfərin ölkədən çıxarılması barədə qərar verilib. Gürcüstan hakimiyyəti bu addımı qeyri-qanuni miqrasiyaya qarşı mübarizə ilə izah edib.

“Borçalı” İctimai Cəmiyyətinin sabiq sədri Zəlimxan Məmmədli Bakupost.az-a açıqlamasında bildirib ki, bu addımın İranın Gürcüstandakı kəşfiyyat və dini şəbəkələrinin fəaliyyətinin qarşısını almaq məqsədi ilə atılması ehtimalı da var:

“Bu problem son vaxtlar Gürcüstanın siyasi sistemini ciddi şəkildə narahat edir. İranın dini fəaliyyət adı altında Gürcüstanda formalaşdırdığı şəbəkələr var və bu şəxslər Xameneinin ideologiyasını təbliğ edirlər. Onların arasında azərbaycanlılar da ola bilər. Saxta dini təbliğatla məşğul olan şəxslərin deportasiya olunmasını normal hesab edirəm. Əgər qərar siyasi baxışlara görədirsə, bunun da hüquqi əsasları araşdırılmalıdır. Hər halda belə hallarla bizim dövlət də zaman-zaman qarşılaşıb. Kəşfiyyat şəbəkələrinin ifşası ilə bağlı müəyyən gərginliklər yaranır. Gürcüstan da həssas regionda yerləşir və İrana bağlı saxta siyasi islam şəbəkələrinin ifşası istiqamətində addımlar atılarsa, bunu müsbət qiymətləndirərəm”.

Z.Məmmədli qeyd edib ki, Gürcüstanda son dövrlər xarici maliyyə ilə fəaliyyət göstərən qurumlarla bağlı qanunvericilik də sərtləşdirilib:

“Xarici donorlarla əlaqəli təşkilatlar – QHT-lər və bəzi media qurumları ilə bağlı yeni qanunvericilik qəbul edildi. “Xarici agentlər haqqında” qanun ciddi gərginliklər yaratdı. Xüsusilə Qərbdən maliyyələşən QHT-lərin fəaliyyəti və maliyyə şəffaflığı məsələləri gündəmə gəldi. Məncə, bu proses hələ davam edir. Faktiki olaraq Qərbdən maliyyələşən QHT-lərin, media və digər subyektlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində addımlar atılır”.

Onun sözlərinə görə, Gürcüstanda bəzi dairələr bu qanunu “Rusiya qanunu” adlandırsa da, hakimiyyət bunu dövlət təhlükəsizliyi ilə izah edir.

Qeyd edək ki, fevralın sonlarında Gürcüstanda əcnəbilərin taksi sürücüsü, kuryer və turizm bələdçisi kimi işləməsini qadağan edən qanun qüvvəyə minib. Bu addım ölkə vətəndaşlarının əmək bazarında üstünlüyünü qorumaq məqsədi ilə əsaslandırılıb.

Bu qərarın miqrantlarla mübarizə olub-olmaması barədə suala Z.Məmmədli belə cavab verib:

“Bunun kökündə nəyin dayandığını araşdırmaq lazımdır. Xarici vətəndaşların miqrasiya ilə bağlı konkret öhdəlikləri var və bu məsələlər qanunla tənzimlənir. Qanunu pozanlar – sığorta qaydalarına əməl etməyən və ya işləmək icazəsinin müddəti bitmiş şəxslər ola bilər. Amma qanuna uyğun fəaliyyət göstərən şəxslərə qarşı genişmiqyaslı basqı müşahidə etməmişəm”.

Cavid, Bakupost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
www.bakupost.az

1Sources