Bilgəhdə 20 sot torpaq sahəsi ilə bağlı illərdir davam edən məhkəmə çəkişməsi yenidən qalmaqallı mərhələyə daxil olub. Torpaq sahibi Seymur Quliyev məhkəmənin son qərarını qanunsuz adlandıraraq hakimi tərəfkeşlikdə ittiham edir.
Bu sözləri Musavat.com-a Azərbaycan vətəndaşı Seymur Quliyev bildirib.
Onun sözlərinə görə, Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 11 noyabr 2015-ci il tarixli qərarını ləğv edib və işə mahiyyəti üzrə yenidən baxılmasını bərpa edib. Qərardadda əsas kimi isə 11 il əvvəl başa çatmış məhkəmə prosesində Xatirə Salahzadənin üçüncü şəxs qismində cəlb edilməməsi göstərilib.
20 sot torpaq – 11 ildir bitməyən mübahisə
Seymur Quliyevin sözlərinə görə, mübahisə Bakının Bilgəh qəsəbəsində, kardioloji sanatoriya ilə sərhəddə yerləşən 20 sot torpaq sahəsi ilə bağlıdır.
O bildirir ki, həmin torpağı 2004-cü ilin may ayında alqı-satqı müqaviləsi ilə alıb və ərazidə iki və üçmərtəbəli yaşayış evləri tikdirib.
Quliyevin iddiasına görə, 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazini “İnşaat Servisez” MMC-yə ayırarkən onun və qonşusu Nurid Əliyevin torpaq sahələrinin həmin əraziyə düşdüyünü nəzərə almayıb. Bu sərəncam məhkəmədə mübahisələndirilib.
Onun sözlərinə görə, məhkəmə çəkişməsi davam etdiyi vaxtda “İnşaat Servisez” MMC-yə çıxarış verilib və torpaq sonradan üçüncü şəxs kimi göstərilən Xatirə Salahzadəyə satılıb.
Daha sonra isə məhkəmə Seymur Quliyevin iddiasını təmin edib və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını ləğv edib. İnzibati-İqtisadi Məhkəmə sərəncamın qanunsuz olduğunu təsdiqləyib, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.
Quliyev bildirir ki, belə olan halda həmin torpaq sahəsi üzrə bağlanan bütün sonrakı alqı-satqı müqavilələri də hüquqi qüvvəsini itirməli idi.
“İş üzrə 11 il əvvəl çıxarılmış qətnamə və qərarları hakimə təqdim etdik. Amma onların heç biri nəzərə alınmadı və tamamilə qanunsuz qərardad çıxarıldı”, – deyə o qeyd edir.
Şeyxin qızı ilə məhkəmə savaşı
Seymur Quliyevlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Xatirə Salahzadə arasında məhkəmə çəkişməsi artıq uzun illərdir davam edir və bu mübahisə dəfələrlə ictimai diqqətə səbəb olub.
Xatirə Salahzadə keçmiş deputat Qalib Salahzadənin gəlini, sabiq deputat Əliabbas Salahzadənin həyat yoldaşıdır.
Quliyevin sözlərinə görə, qarşı tərəfin iddialarına Sabunçu Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılıb və təmin edilməyib. 2014-cü ildə Xatirə Salahzadə Konstitusiya Məhkəməsinə müraciət etsə də, 2015-ci ildə şikayəti təmin olunmayıb.
O iddia edir ki, məhkəmə çəkişmələri dövründə qanuni mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi evlər Xatirə Salahzadənin qayınatası Qalib Salahzadə tərəfindən sökülüb.
“Bu gün də qanunla mənə məxsus olan torpaq sahəsinə faktiki olaraq daxil ola bilmirəm. Əraziyə yaxınlaşanda daş-qalaq olunuram, müxtəlif maneələrlə üzləşirəm”, – deyə Quliyev bildirir.
“Yeni açılmış hal” iddiası ilə yenidən məhkəməyə
2025-ci ildə Xatirə Salahzadə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bilgəh qəsəbə nümayəndəliyinin 1994-cü ildə torpaq ayırmasına dair sənədin qanunsuz olduğunu iddia edib.
Hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Seymur Quliyev bildirib ki, eyni tələblə 2013-cü ildə də 2 saylı İnzibati Məhkəməyə müraciət olunub və həmin iddia təmin edilməyib. Onun təqdim etdiyi məhkəmə qərarından sonra isə iddia geri götürülüb.
2025-ci ilin oktyabrında isə Xatirə Salahzadə geri götürülmüş iddianı “yeni açılmış hal” kimi Ali Məhkəməyə təqdim edib.
2025-ci ilin dekabrında Ali Məhkəmədə hakim Əhliman Xıdırovun sədrliyi ilə baxılan müraciət üzrə iddianın qəbuledilməzliyi barədə qərardad çıxarılıb.
2026-cı ildə verilən mübahisəli qərardad
Buna baxmayaraq, 2026-cı ilin yanvarında Xatirə Salahzadə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edib və Seymur Quliyevin torpağa mülkiyyət hüququ əldə etdiyi dövrdə onun həmin əraziyə dair çıxarışının mövcud olduğunu iddia edib.
Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva isə 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 15 noyabr 2015-ci il tarixli qərarını ləğv edib və işə yenidən baxılmasını bərpa edib.
Qərardadda əsas kimi Xatirə Salahzadənin əvvəlki məhkəmə prosesində üçüncü şəxs qismində cəlb edilməməsi göstərilib.
Seymur Quliyev isə hesab edir ki, 11 il əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən müzakirəyə çıxarılması hüquqi sabitlik prinsipinə ziddir və onun mülkiyyət hüququnun pozulması deməkdir.