EN

Mavi Xəzərin qara günləri

Dənizin suyunun səviyyəsində tarixi eniş - eyni proseslər paralel şəkildə Kür hövzəsində də baş verir

Xəzərdə suyun səviyyəsi tarixi minimuma yaxınlaşır. Bu isə ciddi narahatlıq doğurur. Ekoloq Ənvər Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyə tərəddüdü, yəni enməsi və qalxması onun təbii xüsusiyyətidir. Bu, dənizin xarakterinə xas olan bir haldır. Tarixən milyon illər ərzində Xəzər dənizi dəfələrlə enib və qalxıb: “Elə dövrlər olub ki, Xəzərin suları Moskva ətrafına, Valday silsiləsinə qədər gedib çatıb. Başqa zamanlarda isə Aralıq dənizi ilə birləşdiyi dövrlər də olub. Bəzi mərhələlərdə isə dəniz xeyli çəkilərək quruyub, hətta iki hissəyə bölünüb; məsələn, Balaxanı ərazisində göl əmələ gəlib, şimal hissəsi isə xeyli quraqlaşıb. Yəni Xəzər dənizi üçün səviyyənin enib-qalxması adi və təbii prosesdir. Bizim dövrümüzdə də bunun şahidi olmuşuq. Məsələn, 1970-ci illərdə Xəzər dənizinin səviyyəsi kəskin şəkildə enmişdi. O zaman Sovet İttifaqı dövrü idi və müxtəlif təkliflər irəli sürülürdü. Bəziləri şimal çaylarının sularını Xəzərə yönəltməyi təklif edirdi.

Digər bir fikir isə Xəzərin ən böyük su çıxışı olan Qara-Boğaz-Göl ilə bağlı idi. Bu körfəzdə Xəzərin suyu şəlalə kimi axıb gedirdi. Buna görə də 1970-ci illərdə həmin keçidi bağladılar. Lakin bir müddət sonra Xəzərin səviyyəsi sürətlə qalxmağa başladı və bu, ciddi problemlər yaratdı. Sahilboyu infrastrukturlar su altında qaldı. Məsələn, Lənkəran istiqamətinə gedən dəmir yolu bəzi yerlərdə suyun altında qaldığından relslər havada asılı vəziyyətdə qalmışdı. 

Nəticədə qərara alındı ki, Qara-Boğaz-Göl yenidən açılsın. Turkmənistan ərazisində təxminən 200 metrlik kanal açıldı və bundan sonra Xəzərin səviyyəsi tədricən sabitləşməyə başladı. Beləliklə, Xəzər dənizi həm enəndə, həm də qalxanda müəyyən problemlər yaradır. Ona görə də onun səviyyəsinə süni müdaxilə etmək əvəzinə, təbii proseslərin öz axarı ilə davam etməsi daha məqsədəuyğundur. Milyon illər ərzində necə formalaşıbsa, həmin təbii balansın qorunması vacibdir".

Ekoloqun fikrincə, hazırda da ehtimal olunur ki, müəyyən müddətdən sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlaya bilər. Bu səbəbdən sahilboyu ərazilərdə yeni tikinti və infrastruktur layihələrində ehtiyatlı davranmaq lazımdır: “Ümumilikdə Xəzər dənizi təxminən 4 milyon kvadratkilometr ərazidən su toplayır. Ona axan çayların hövzəsi çox böyük ərazini əhatə edir və bu bölgələrdə baş verən iqlim dəyişiklikləri dənizin səviyyəsinə ciddi təsir göstərir.

Məsələn, son dövrlərdə bəzi regionlarda quraqlıq müşahidə olunsa da, digər yerlərdə yağıntılar artmağa başlayıb. Naxçıvanda bir il əvvəl yağıntıların təxminən 40 faiz artdığı qeydə alınıb. Lakin Türkiyə, İsrail və İranın bəzi bölgələrində quraqlıq hələ də davam edir. Xəzərin əsas su mənbəyi isə Volqa çayıdır. Dənizə daxil olan suyun təxminən 80 faizi Volqa çayının payına düşür. Bu çayın suları isə əsasən mülayim iqlim qurşağında düşən yağıntılar hesabına formalaşır. Deməli, Xəzər dənizinin səviyyəsi təkcə yerli amillərdən deyil, həm də çox geniş coğrafi ərazidə baş verən iqlim və yağıntı proseslərindən asılıdır".

Rövşən

Ekoloq Rövşən Abbasov “Yeni Müsavat”a bildirib ki, Xəzərin səviyyəsinin düşməsindən danışarkən həm antropogen, həm də iqlim amillərini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, son 150 ildə planetdə baş verən iqlim dəyişmələri nəticəsində Yer kürəsinin temperaturu artır. Bu isə daxili su hövzələrində yağıntıların və çay sularının azalmasına təsir edir: “Xəzərə tökülən Volqa,  Kür və Ural çaylarının sululuğunun azalması müşahidə olunur ki, bu da, əlbəttə, tədricən özünü Xəzərin səviyyəsində göstərir. Son illərin hesablamalarına görə, orta hesabla bu çaylarda sululuq 15-20 faiz azalıb. Antropogen amil nəticəsində isə Xəzər hövzəsində kənd təsərrüfatı genişlənir və sudan istifadə artır. Məsələn, Volqa hövzəsində sahəsi təxminən 30 min kvadrat kilometrə çatan su anbarları tikilib.  Bu anbarlardan baş verən infiltrasiya və buxarlanma prosesləri, eləcə də çayın hövzəsində aparılan intensiv suvarma işləri və temperaturun artması nəticəsində suya tələbatın yüksəlməsi Volqa çayının suyunun azalmasına səbəb olur. Xüsusilə Həştərxan vilayətində suvarmanın genişlənməsi bu prosesin daha da sürətlənməsinə gətirib çıxarır. Eyni proseslər paralel şəkildə Kür hövzəsində də baş verir. Məlumdur ki, Kür hövzəsi transsərhəd hövzədir və burada beş ölkə yerləşir. Bu ölkələrin fəaliyyəti Kür çayının su ehtiyatlarına təsir göstərir. Əsas məsələ ondan ibarətdir ki, Kür hövzəsində aparılan intensiv suvarma nəticəsində çayın suyu tədricən azalır.

Türkiyədə Kür çayı üzərində sürətlə bəndlər tikilir. Eyni zamanda Kürdüstan bölgəsində və Ermənistanda da bənd tikintisi genişlənir. Bu isə təbii olaraq Kür və Araz çaylarına daxil olan suyun ümumi həcmini azaldır. Üstəlik, Azərbaycan ərazisində də suya olan tələbat xeyli artmışdır. Əkin sahələrinin genişlənməsi suvarma suyuna ehtiyacı artırır və nəticədə Kür çayının su ehtiyatları daha da azalır".

Ekoloq deyir ki, bütün bu amillər nəticə etibarilə Xəzər dənizinin səviyyəsinin azalmasına təsir göstərir. Növbəti illərdə suyun artacağını və ya azalacağını dəqiq proqnozlaşdırmaq isə çətindir: “Çünki Xəzərin səviyyəsini uzunmüddətli şəkildə proqnozlaşdırmaq həmişə mürəkkəb olub. Lakin mövcud tendensiya göstərir ki, suyun azalması hələ bir müddət davam edə bilər və hətta gələcəkdə daha da intensivləşə bilər. Digər tərəfdən, müəyyən iqlim amillərinin təsiri ilə Xəzər hövzəsində yağıntılar kəskin şəkildə arta bilər. Bu halda çayların suyu çoxalar və nəticədə Xəzərə daxil olan suyun həcmi artaraq dənizin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Xəzər dənizinin səviyyəsinin azalması ilk növbədə Azərbaycanda kənd təsərrüfatına ciddi təsir göstərir. Rusiyada isə bu vəziyyət daha çox su nəqliyyatı və gəmiçilik sahəsində problemlər yaradır. Azərbaycanda suyun azalması nəticəsində kənd təsərrüfatının su ilə təminatı xeyli pisləşib.  Xüsusilə suvarma suyunun çatışmazlığı kiçik fermer təsərrüfatlarına daha ciddi təsir edir. Rusiya ərazisində isə əsas problemlər gəmiçiliklə bağlıdır. Volqa-Xəzər sualtı kanalı getdikcə dayazlaşır və onun dərinləşdirilməsi çətinləşir. Bu isə Volqa çayı vasitəsilə dənizə çıxış imkanlarını məhdudlaşdırır. Oxşar proseslər Ural çayının mənsəbində də müşahidə olunur və nəticədə bu çay da gəmiçilik üçün daha az yararlı hala gəlir".

R.Abbasov bildirib ki, Bakı limanlarında, xüsusilə Ələt limanında suyun dayazlaşması səbəbindən gəmilərin sahilə yan alması çətinləşir. Bu vəziyyət təkcə gəmiçilik və kənd təsərrüfatını deyil, həm də balıqçılıq sektorunu ciddi şəkildə təhdid edir: “Suyun azalması nəticəsində balıqların yaşayış mühiti daralır və bu da Xəzər dənizində balıq populyasiyasının kəskin azalmasına səbəb olur. Eyni zamanda su məməlilərinin yaşayış və çoxalma yerləri də azalır ki, bu da onların sayına mənfi təsir göstərir. Sahil ərazilərində yaşayan insanların dolanışığında mühüm rol oynayan balıqçılıq fəaliyyəti zəifləyir. Bu isə ənənəvi gəlir mənbələrinin azalmasına və bəzi hallarda miqrasiyaya səbəb olur”.

Şahanə RƏHİMLİ,
"Yeni Müsavat"

 

Chosen
13
1
musavat.com

2Sources