EN

Rusiya ilə münasibətlərində yeni mərhələ: Putinin zəngi NƏYİ DƏYİŞƏCƏK?

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.

Kremlin mətbuat xidməti zəngin məqsədini açıqlayıb və Rusiya lideri ölkə vətəndaşlarının İrandan təxliyəsinin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Məsələ ilə bağlı siyasi şərhçi Azər Hüseynov NOCOMMENT.az-a açıqlamasında deyib ki, bu zəng Azərbaycan-Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Azər Hüseynov

Onun sözlərinə görə, regionda davam edən gərginlik və hərbi əməliyyatlar fonunda belə diplomatik təşəbbüslər tərəflər arasında etimadın güclənməsinə xidmət edir və gələcək əməkdaşlıq üçün zəmin yaradır:

“Rusiya və Azərbaycan arasında humanitar və təhlükəsizlik məsələlərində koordinasiyanın artması, xüsusilə vətəndaşların təhlükəsiz təxliyəsi kimi operativ məsələlərdə birgə fəaliyyət, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi anlamına gəlir.

Zəng həm də iki ölkə arasında regional əməkdaşlıq imkanlarının genişlənməsi baxımından önəmlidir. Azərbaycan regionda neytral və etibarlı tərəf kimi çıxış edərək Rusiya ilə dialoqu möhkəmləndirir, bu isə geosiyasi balansın qorunmasına da töhfə verir. Gələcəkdə bu cür humanitar və koordinasiya yönümlü təşəbbüslər iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsinə də yol aça bilər”.

Siyasi şərhçinin fikrincə, zəng birbaşa hər hansı konkret layihəni elan etməsə də, diplomatik mesaj və etimad mühitinin möhkəmlənməsi baxımından önəm daşıyır:

“Bu, tərəflərin qarşılıqlı anlayış və dəstək mexanizmlərini gücləndirərək, Azərbaycanın regional oyunçuluğunu və Rusiya ilə balanslı münasibətlərini qorumaq strategiyasına xidmət edir. Qeyd edim ki, bu zəng Azərbaycan-Rusiya münasibətlərində yalnız humanitar əməkdaşlıq deyil, həm də siyasi və strateji dialoqun yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Tunar

NOCOMMENT.az 

Chosen
20
1
nocomment.az

2Sources