Berlin, 11 mart, AZƏRTAC
Avropa İttifaqı (Aİ) İranla müharibə nəticəsində artan enerji xərclərinin azaldılması imkanlarını hərtərəfli araşdıracaq.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində çıxışında enerji qiymətlərinin aşağı salınması üçün variantların hazırlandığını bildirib.
Avropa Komissiyasının Prezidenti bu variantlar arasında enerji alışı müqavilələrindən daha yaxşı istifadə, dövlət yardımı, subsidiyalar və qaz qiymətlərinin məhdudlaşdırılması məsələlərinin yer aldığını açıqlayıb.
U.Lyayen İranda müharibənin ilk on günü nəticəsində qalıq yanacaq üçün əlavə xərclərin artıq üç milyard avroya çatdığını bildirib və Aİ üzvlərini bununla əlaqədar tədbirlər görməyə çağırıb.
“Bizim evdə istehsal edilən bərpaolunan enerji və nüvə enerjisinə yönəlmək qərarımız özünü doğrultdu. Amma qiymət şoklarından qorunmuş deyilik. Bu gün həm ev təsərrüfatları, həm də şirkətlər təzyiq altındadır. Ona görə də biz dərhal yardım göstərməliyik. Enerji xərclərini necə azalda biləcəyimizi hərtərəfli nəzərdən keçirməliyik”, - deyən U.Lyayen bu prosesdə qiymətin dörd komponentinin - enerjinin özünün qiyməti, şəbəkə ödənişləri, vergilər və rüsumlar, həmçinin karbon xərclərinə baxılmasının önəmini qeyd edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin