Bakı, 11 mart, AZƏRTAC
Son dövrlərdə dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və beynəlxalq ticarət yollarında yaranan qeyri-müəyyənliklər qlobal logistika sistemində yeni reallıqlar formalaşdırır. Xüsusilə Şimal və Cənub marşrutlarında risklərin artması dövlətləri və beynəlxalq şirkətləri daha təhlükəsiz və sabit alternativlər axtarmağa vadar edir. Bu baxımdan Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əhəmiyyəti getdikcə daha da artır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.
Onun sözlərinə görə, qlobal ticarətin davamlı və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün alternativ nəqliyyat marşrutlarının inkişafı artıq strateji zərurətə çevrilib.
“Son illərdə bir sıra ənənəvi nəqliyyat yollarında yaranan siyasi və təhlükəsizlik riskləri logistika şirkətlərinin fəaliyyətinə də təsir göstərir. Bu səbəbdən beynəlxalq yükdaşıma şirkətləri və iri iqtisadi aktorlar yeni və daha etibarlı nəqliyyat dəhlizlərinə xüsusi diqqət yetirirlər. Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan bu logistika xətti Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanır. Bu marşrut yalnız yük daşımalarının diversifikasiyası baxımından deyil, həm də Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq platformasının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, müasir avtomobil yolları və dəmir yolu şəbəkəsinin modernləşdirilməsi Azərbaycanın bu marşrutda əsas tranzit qovşaqlarından birinə çevrilməsinə şərait yaradıb. Bu layihələr sayəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı logistika körpüsü rolunu gücləndirir. Şimal marşrutu üzrə mövcud geosiyasi gərginliklər və sanksiyalar bəzi beynəlxalq daşımaların istiqamətini dəyişməsinə səbəb olur. Digər tərəfdən, bəzi Cənub marşrutlarında təhlükəsizlik problemləri və regional sabitliyin zəifləməsi də bu istiqamətdə riskləri artırır. Belə bir şəraitdə Orta Dəhliz həm təhlükəsizlik, həm də logistika baxımından daha optimal və dayanıqlı alternativ kimi ön plana çıxır”, - deyə o bildirib.
Aqil Camalın sözlərinə görə, Orta Dəhlizin üstünlüklərindən biri də daşınma müddətinin daha qısa olmasıdır: “Bu marşrut vasitəsilə Asiyadan Avropaya yüklərin çatdırılması bəzi digər marşrutlarla müqayisədə daha sürətli həyata keçirilir. Bu isə beynəlxalq ticarət şirkətləri üçün həm vaxt, həm də maliyyə baxımından ciddi üstünlüklər yaradır. Orta Dəhlizin inkişafı region ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verir. Bu marşrut yalnız tranzit daşımaları ilə məhdudlaşmır, eyni zamanda logistika, sənaye, ticarət və investisiya sahələrində yeni imkanlar yaradır. Nəticədə, bu dəhliz boyunca yerləşən ölkələr üçün iqtisadi inkişaf və regional inteqrasiya prosesləri daha da sürətlənir. Orta Dəhliz həm də türk dövlətləri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin möhkəmlənməsi baxımından mühüm rol oynayır. Bu marşrut vasitəsilə region ölkələri arasında ticarət dövriyyəsi artır, nəqliyyat və logistika sahəsində əməkdaşlıq genişlənir. Bu isə bütövlükdə Avrasiya məkanında yeni iqtisadi dinamikanın formalaşmasına şərait yaradır. Azərbaycanın həyata keçirdiyi balanslı xarici siyasət və regionda təşəbbüskar rolu Orta Dəhlizin inkişafı üçün əlverişli mühit yaradır. Ölkəmiz həm nəqliyyat infrastrukturu, həm də beynəlxalq əməkdaşlıq platformaları vasitəsilə bu marşrutun daha da səmərəli fəaliyyət göstərməsinə töhfə verir”.