Politoloqun sözlərinə görə, ilk günlərdə İranın həm İsrailə, həm də ABŞ bazalarına endirdiyi zərbələr daha çox idi, indi isə say azalır: “Lakin İran daha güclü, 1 və 2 ton partlayıcı maddə daşıyan raketlərdən istifadə edir ki, bu da dağıntıların miqyasını artırır. Müharibə davam edir. Trampın planına görə, mövcud rejimin dəyişdirilməsi üçün quru əməliyyatları zəruri görünür. Tramp özü də bildirib ki, ABŞ İrana quru qoşunları yeritmək istəmir və dəyişikliklərin ölkə daxilində baş verməsini istəyir. Bununla belə, xalqın kütləvi şəkildə ayağa qalxması da real görünmür. Çünki rejim etirazlara çox sərt müdaxilə edir. Yanvarın 8-10-da baş verən hadisələr zamanı etiraz edən insanlara atəş açıldığı və on minlərlə insanın həlak olduğu bildirilir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, bu qədər ciddi qarşıdurma uzun çəkməz. Ehtimal ki, martın sonlarına doğru müharibə ya səngiyəcək, ya da tam dayanacaq. ABŞ artıq bəyan edib ki, İranın hava məkanına nəzarət edir, onların raketlərinin böyük hissəsini məhv edib və İran donanmasının 50-dən çox hərbi gəmisini sıradan çıxarıb”, İranın da müqavimət göstərdiyini və mövqelərini qoruduğunu vurğulayan Elşad Həsənov bu səbəbdən hələlik qələbə qazanan tərəfin bəlli olmadığını qeyd edib: “Əgər proses bu şəkildə davam edərsə, mayın sonuna qədər qarşılıqlı hücumların azalması mümkündür. Hətta rəsmi sülh müqaviləsi imzalanmasa belə, hər iki tərəf müharibənin davam etməsinin fayda vermədiyini anlayaraq qarşıdurmanı dayandıra bilər. Keçən il baş verən 12 günlük müharibədə də konkret qalib müəyyən olunmadı. ABŞ bildirdi ki, İranın nüvə obyektlərini məhv edib və proqramı onilliklər geri salıb. Lakin hazırkı döyüşlər göstərir ki, İran da kifayət qədər güclü dövlətdir və onu qısa müddətdə işğal etmək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, ayın sonuna qədər raket hücumları azala və tərəflər müharibəni öz qələbələri kimi təqdim edərək prosesi dayandıra bilərlər. ABŞ-nin İrana quru qoşunları ilə müdaxilə edib mövcud rejimi dəyişməsi isə hazırkı şəraitdə real görünmür”. Sevinc İbrahimzadə / Metbuat.az