İsrail kəşfiyyatının məlumatına görə, ABŞ rəhbərliyi daxilində İrana qarşı hərbi əməliyyatın gələcəyi ilə bağlı ciddi müzakirələr və ziddiyyətlər dərinləşir...
İsrail kəşfiyyat strukturları ABŞ prezidenti Donald Trampın administrasiyası daxilində İranla müharibənin gələcək gedişi ilə bağlı fikir ayrılıqlarının artdığını qeydə alıb.
Poliqon xəbər verir ki, bu barədə Al-Monitor nəşri İsrail Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Vaşinqtonda İran əleyhinə hərbi əməliyyatın davam etdirilib-etdirilməməsi ilə bağlı kəskin daxili müzakirələr gedir. ABŞ administrasiyası daxilində bir qrup müharibənin daha sərt şəkildə davam etdirilməsinin tərəfdarıdır, digər tərəf isə mövcud vəziyyətdən diplomatik və siyasi çıxış yollarının axtarılmasının vacibliyini vurğulayır.
“Amerika administrasiyası daxilində ciddi daxili mübarizə gedir və əsas sual bundan ibarətdir: əməliyyatı tam sürətlə davam etdirmək, yoxsa vəziyyətdən daha zərif və siyasi çıxış yolu tapmaq”, deyə nəşrin həmsöhbəti bildirib.
Al-Monitor yazır ki, ABŞ rəhbərliyi eyni zamanda münaqişədən elə çıxış variantları üzərində düşünür ki, bu, Vaşinqtona siyasi baxımdan “qələbə” elan etməyə imkan versin. Bu çərçivədə həm hərbi, həm də diplomatik ssenarilər müzakirə olunur.
Nəşrin məlumatına görə, ABŞ siyasi elitasının bir hissəsində əməliyyatın ilkin məqsədlərinə – xüsusilə də İran rəhbərliyinin dəyişdirilməsi planına – dair pessimist yanaşma güclənir. Məqalədə qeyd olunur ki, İran İslam Respublikasının siyasi sistemi gözləniləndən daha dayanıqlı olduğunu nümayiş etdirir və bu da Vaşinqtonun planlarının həyata keçirilməsini çətinləşdirir.
Ekspertlərin fikrincə, ABŞ daxilində bu cür fikir ayrılıqları müharibənin gələcək strategiyasına birbaşa təsir göstərə bilər və Vaşinqtonun Yaxın Şərqdə atacağı növbəti addımların müəyyənləşdirilməsində mühüm rol oynayacaq.
Poliqon.info