EN

Ağasəf Quliyevin məhkəməsi oldu

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib işə düzəltmə və avtomobilin gömrük rüsumlarını ödəmək adı ilə dələduzluq əməlləri törədən Ağasəf Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Süleyman Həsənov ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs özünü ittihamla təqsirli bilməyib.

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciət əsasında 1971-ci il təvəllüdlü Ağasəf Quliyevin əməlləri araşdırılıb. 
Müəyyən olunub ki, o, zərərçəkmiş şəxsin oğlunu hüquq-mühafizə orqanlarında mötəbər vəzifəyə təyin etdirəcəyi vədi ilə 108 000 manat, həmçinin xarici ölkədən gətirdiyi avtomobili rəsmiləşdirəcəyi adı ilə həmin vətəndaşdan əlavə 25 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
İşlərinin düzəlmədiyini görən vətəndaşa hər dəfə yalan məlumat verib, saxta telefon danışıqları apararaq işlərin artıq həll olunduğunu, müvafiq yoxlamaların isə hələ davam etdiyini bildirib.Fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə A.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Chosen
102
33
unikal.az

10Sources