Nikol Paşinyan bildirib ki, Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini təxirə salmaq niyyətində deyil və bunun üçün heç bir səbəb yoxdur.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanın baş naziri bu barədə Avropa Parlamentində çıxışı zamanı danışıb. Onun sözlərinə görə, İrəvan artıq tranzit marşrutları vasitəsilə Azərbaycan üzərindən istifadə edir və istənilən vaxt Azərbaycanla Türkiyə arasında tranzitin təmin olunmasına hazırdır.
Paşinyan qeyd edib ki, buna baxmayaraq, Ankara və Bakı hələlik İrəvanın bu qarşılıqlı təklifindən istifadə etməyiblər. Ermənistanın baş naziri hesab edir ki, Azərbaycan və Ermənistanın kommunikasiyaların açılması ilə bağlı niyyətləri bir-birinə zidd deyil və əslində hər iki tərəfin maraqlarına uyğundur.
O vurğulayıb ki, regionda sabitliyin təmin olunması və iqtisadi əlaqələrin genişləndirilməsi üçün nəqliyyat-kommunikasiya xətlərinin açılması vacibdir.
“Biz çox turbulent bir regionda yaşayırıq və əgər özümüz özümüzə sahib çıxmasaq, baş verən sarsıntılar bizi də təsirləndirəcək. Aramızdakı münaqişələr dövlətçiliyimizi zəiflədir və bizi geosiyasi hədəfə çevirir”, – deyə Paşinyan əlavə edib.