EN

Serbiyalı olimpiya çempionu: Ən çətin azərbaycanlı rəqibim Həsən Əliyev olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zrenyanin, 11 mart, AZƏRTAC

Karyeram ərzində ən çətin azərbaycanlı rəqibim Həsən Əliyev olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiya İdman İttifaqının prezidenti, yunan-Roma güləşi üzrə olimpiya və dünya çempionu Davor Ştefanek deyib.

O, karyerası ərzində Azərbaycan təmsilçiləri ilə çoxlu görüşlər keçirdiyini xatırladıb: “Azərbaycanlı rəqiblərim arasında Həsən Əliyevi xüsusi qeyd edərdim. O, mənim üçün ən çətin rəqib olub. Dünya çempionu olduğum yarışa qədər ona qalib gələ bilmirdim. Həsənlə həm də çox məşq etmişik və aramızda yaxşı dostluq münasibəti var. Digər tanıdığım və hörmət etdiyim idmançı isə Rəsul Çunayevdir. Olimpiya oyunlarında fəxri kürsüdə onunla birlikdə olmuşuq. Bu cür rəqiblərlə eyni xalçanı paylaşmaq zövqlü idi".

Titullu veteran idmançı Azərbaycan və Serbiya Güləş Federasiyaları arasındakı əməkdaşlıqdan da danışıb: “İki federasiya arasında hər zaman çox yaxşı əməkdaşlıq olub. Dəfələrlə Bakıda təlim-məşq toplanışı keçmişik. Azərbaycanın yaxşı güləşçiləri var. İki dövlət arasında təkcə güləş deyil, digər idman növlərində də əla münasibətlər mövcuddur".

O, Azərbaycan güləşçilərinin Avropa çempionatındakı şanslarını da dəyərləndirib: “Azərbaycan güləşin hər üç növündə həmişə möhtəşəm nəticələr əldə edir. Məncə, idmançılarınız U-23 Avropa çempionatında ümumilikdə 10-dan çox medal qazanacaq".

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Müxbir: Cavid Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
30
azertag.az

10Sources