EN

“Valideynlər uşağın ruhunu və fiziki sağlamlığını qidalandıran texnologiya, rəsm və bədən tərbiyəsi kimi dərsləri vaxt itkisi hesab edirlər”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məktəblərdə texnologiya, təsviri incəsənət, bədən tərbiyəsi kimi fənlər bir çoxları tərəfindən artıq və lazımsız hesab olunur. Hətta bəzi valideynlər deyirlər ki, bu dərslərin yerinə məsələn, riyaziyyat və ya digər fənlər keçirilsin. Halbuki, bu fənlər yalnız əlavə yük deyil. Onlar uşaqların sensor bacarıqlarını, yaradıcı düşüncəsini və fiziki inkişafını təmin edən vacib vasitələrdir.Sizcə, bu yanaşmanın səbəbləri nələrdir?Valideynlərə hansı arqumentləri təqdim etməklə bu fənlərin əhəmiyyətini izah etmək olar?

Təhsil eksperti, publisist Şəmsi Qoca Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, şəxsiyyətin bütövlüyü bu fənlərin vəhdətindədir: “Bu məsələyə yanaşma əslində cəmiyyətimizdə kök salmış "diplom mərkəzli" təfəkkürün acı bir təzahürüdür. Valideynlərin əksəriyyəti təhsili yalnız ali məktəbə qəbul imtahanlarında toplanan ballarla ölçdüyü üçün riyaziyyat və ya xarici dil kimi "bal gətirən" fənləri əsas, uşağın ruhunu və fiziki sağlamlığını qidalandıran texnologiya, rəsm və bədən tərbiyəsi kimi dərsləri isə vaxt itkisi hesab edirlər. Bu yanlış təsəvvürün təməlində duran ən böyük səbəb təhsilin məqsədini şəxsiyyət yetişdirməkdən çıxarıb, sadəcə peşə qazanmaq vasitəsinə çevirməkdir. Məktəblərdəki maddi-texniki bazanın zəifliyi də bu fənlərin çox vaxt formal keçilməsinə rəvac verir ki, bu da valideynlərdə "onsuz da heç nə öyrənmirlər" qənaətini möhkəmləndirir.

Halbuki valideynlərə izah etmək lazımdır ki, texnologiya dərsi uşaqda sadəcə əl qabiliyyəti deyil, həm də mühəndislik düşüncəsi və abstrakt anlayışları konkret əməyə çevirmək bacarığı yaradır”.

Şəmsi Qoca

“Təsviri incəsənət dərsi uşağın beynində estetik zövqü və yaradıcı təxəyyülü inkişaf etdirir ki, bu gün dünyanı idarə edən ən böyük texnoloji yeniliklərin arxasında məhz bu "çərçivədən kənar" düşünmə qabiliyyəti dayanır. Bədən tərbiyəsi isə təkcə fiziki güc deyil, beyinə gedən oksigenin artması, intizam və komanda ruhunun formalaşması deməkdir. Riyaziyyatı mükəmməl bilən, lakin rənglərin ahəngini duymayan, fiziki cəhətdən zəif və yaradıcılıqdan uzaq qalan bir gənc gələcəyin rəqabətli dünyasında yarımçıq bir mütəxəssis olmaqdan o yana keçə bilməyəcək. Şəxsiyyətin bütövlüyü bu fənlərin vəhdətindədir və birini digərinə qurban vermək uşağın gələcəkdəki intellektual çevikliyini məhdudlaşdırmaqdır.

Təəssüf ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki fəaliyyəti real islahatlardan çox, cəmiyyətin gözünə kül üfürməyə hesablanmış, mahiyyəti boş, səmərəsiz və lazımsız layihələrə qrantlar ayırmaqdan o yana keçmir. Məktəblərin emalatxanaları çürüyərkən, idman zalları baxımsızlıqdan yararsız hala düşərkən, nazirliyin "innovasiya" adı altında xərclədiyi vəsaitlər sadəcə müəyyən dairələrin maraqlarına xidmət edən süni hesabatlardan ibarətdir. Bu cür mənasız layihələr uşağın barmaq uclarından beyninə gedən o yaradıcı qığılcımı alovlandırmaq əvəzinə, təhsilin büdcəsini səmərəsiz xərcləməklə məşğuldur və nəticədə real pedaqoji inkişaf yox, yalnız "layihə xatirinə layihə" prinsipi zəfər çalır”-deyə publisist Şəmsi Qoca qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
bizimyol.info

1Sources