Televiziyalarda yayımlanan bəzi şou proqramların məzmunu uzun illərdir ictimai müzakirələrə səbəb olur. Bir çox ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri bu verilişlərin milli-mənəvi dəyərlərə mənfi təsir göstərdiyini bildirirlər.
Bakı Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni hesab edir ki, şou proqramlarda yaranan problemlərlə bağlı illərdir narahatlıq ifadə olunur. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları, ekspertlər, ziyalılar və alimlər bu verilişlərin cəmiyyətdə mənəvi aşınmaya səbəb olması, milli dəyərlərin aşağıladılması və dilimizin qorunması ilə bağlı dəfələrlə fikirlər səsləndiriblər.
QHT.az-a verdiyi açıqlamada Rauf Zeyni bildirib ki, son dövrlər televiziya məkanında müəyyən dəyişikliklərin başlanması müsbət addım kimi qiymətləndirilə bilər. O qeyd edib ki, bəzi ifaçıların efirə çıxışına məhdudiyyətlərin qoyulması və şou proqramların məzmununa nəzarətin artırılması istiqamətində addımların atılması gözlənilən proses idi.
Onun sözlərinə görə, cəmiyyətin milli-mənəvi dəyərlərinin qorunması üçün bu sahədə daha ciddi və səmərəli islahatların aparılması vacibdir. Rauf Zeyni əlavə edib ki, vətəndaş cəmiyyəti nümayəndələri də bu prosesə töhfə verməyə hazırdır və əsas məqsəd vəziyyətin köklü şəkildə dəyişməsidir.
Zəhra Ağayeva