EN

Türk generaldan açıq mesaj: “Azərbaycan tək deyil”

11 mart 2026-cı ildə Türkiyə Quru Qoşunları komandanı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində səsləndirilən açıqlamalar Ankara ilə Bakı arasında hərbi müttəfiqliyin dəyişməz olduğunu bir daha nümayiş etdirib.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı bildirib ki, Türkiyə daim Azərbaycanın yanındadır və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq Bakıya istənilən hərbi yardımı göstərməyə hazırdır.

Müşahidəçilərin fikrincə, bu açıqlama sadəcə diplomatik bəyanat deyil, regiona ünvanlanan açıq hərbi-siyasi mesajdır. Türkiyənin yüksək rütbəli hərbi rəhbərinin dili ilə səslənən bu sözlər dostlara da, rəqiblərə də aydın şəkildə xatırladır ki, Azərbaycan təhlükə ilə üzləşərsə, Ankara bu vəziyyətdə kənarda qalmayacaq.

Xüsusilə İranla yaşanan gərginlik fonunda verilən bu mesajın əhəmiyyəti daha da artır. Belə ki, Ankara faktiki olaraq bildirir ki, Azərbaycan ərazisinə yönələcək istənilən hücum təkcə Bakıya qarşı deyil, həm də Türkiyənin təhlükəsizliyinə yönəlmiş addım kimi qiymətləndirilə bilər.

Bu baxımdan bir türk generalının səsləndirdiyi bu açıqlama həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi siqnal kimi qəbul edilir. Mesajın mahiyyəti isə açıqdır: Azərbaycan tək deyil və Türkiyə qardaş ölkənin yanında dayanmağa hazırdır.

 

Musavat.com

Chosen
51
musavat.com

1Sources