EN

Milli Məclisdə aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinə dair məsələlər Milli Məclisdə keçirilən ictimai dinləmədə müzakirə olunub.

TurkicWorld xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə parlamentdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Dinləmədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, dünyada süni intellekt texnologiyalarının sürətli inkişafı dövlətlərin iqtisadi və texnoloji strategiyalarında yeni prioritetlər formalaşdırır. Onun sözlərinə görə, Azərbaycan da bu istiqamətdə aktiv mövqe tutur və aqrar sahədə rəqəmsal transformasiyanın ikinci mərhələsi həyata keçirilir.

Nazir qeyd edib ki, 2020-ci ildən tətbiq edilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını asanlaşdırmaqla yanaşı, dövlət dəstəyinin şəffaflığını və operativliyini artırıb. Bu transformasiyanın növbəti mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir.

Bildirilib ki, layihə çərçivəsində aqrar sahədə qərarvermə prosesini dəstəkləmək üçün 30-dan artıq süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları və sahə müşahidələrinə əsaslanaraq həm dövlət idarəetməsində, həm də fermer təsərrüfatlarında qərarların daha dəqiq qəbul edilməsinə imkan yaradır.

Sistem vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları üzrə analitik məlumatlar formalaşdırılır. Bu məlumatlar vahid rəqəmsal platformada emal olunaraq mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə fermerlərə təqdim edilir.

Təqdimatda qeyd olunub ki, aqrar sahədə süni intellektin tətbiqinə dair layihə ümumilikdə 33 istifadə ssenarisini əhatə edir. Onlardan 21-nin 2026-cı ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır, qalan ssenarilərin isə 2027-ci ilin birinci yarısına qədər mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Layihə çərçivəsində bitki növlərinin xəritələşdirilməsi, bitki sağlamlığının monitorinqi, torpaq xəritələrinin hazırlanması, suvarma ehtiyacının müəyyən edilməsi, fermer reytinqi və məhsuldarlığın proqnozlaşdırılması kimi funksiyalar həyata keçiriləcək.

İctimai dinləmə debat formatında davam etdirilib və layihə icraçıları iştirakçıların suallarını cavablandırıblar.

Chosen
4
2
turkic.world

3Sources