İlk hissədə 4, qalan vaxtda 3 top buraxan qonaqların gücü yalnız təsəlli qoluna çatdı. İşin daha qəribə tərəfi ondan ibarətdi ki, “Qəbələ” Masazırda özünə bənzəmədi. Meydanda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “bayquşlar”a yalnız penalti seriyasında uduzan komandadan əsər-əlamət yox idi.
Məğlubiyyətin səbəblərini öyrənmək məqsədilə “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:
“Matçı stadiondan izlədim. Belə hesaba səbəbdən asılı olmayaraq haqq qazandırmaq olmaz. Nə desək, bəhanə sayılacaq. Sadəcə, bu halın təkrarlanmaması, düzgün nəticələr çıxarmaq üçün araşdırma aparmaq lazımdı. Futbolçularla və məşqçilərlə söhbət etdik. Obyektiv və subyektiv səbəblər var. Lakin bu, klubdaxili məsələdi. Belə hal bir daha təkrarlanmamalıdı. 1:7-yə görə azarkeşlərdən üzr istəyirik. Belə məğlubiyyət “Qəbələ”nin nə adına, nə də tarixinə yaraşan haldı”.
Xatırladaq ki, “qırmızı-qaralar” 23 turdan sonra 16 xalla 11-ci sırada qərarlaşıb.
KƏNAN BAHADIR