EN

DİM ətrafında QALMAQAL: boykot çağırışları nəzərə alınacaqmı?

Dövlət İmtahan Mərkəzinin keçirdiyi son buraxılış imtahanı ictimaiyyət arasında geniş narazılıq doğurub. Sosial şəbəkələrdə həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər imtahanın həddən artıq çətin olduğunu bildirərək bu vəziyyəti sərt tənqid edirlər. Bəzi istifadəçilər hətta imtahanların bu formada keçirilməsini boykot ediblər.

Narazılıqların əsas səbəblərindən biri kimi isə Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında koordinasiyanın yetərli olmaması göstərilir. Tənqid edənlər bildirirlər ki, məktəblərdə tədris proqramı və dərsliklər Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanır və həmin proqram əsasında dərs keçirilir. Lakin imtahanlarda təqdim olunan sualların bir hissəsi şagirdlərin məktəbdə öyrəndiyi materiallardan fərqli səviyyədə və ya fərqli mənbələrə əsaslanan tapşırıqlar kimi qiymətləndirilir.

Valideynlərin və müəllimlərin sözlərinə görə, bu səbəbdən şagirdlər imtahanlara hazırlaşarkən yalnız məktəb dərslikləri ilə kifayətlənə bilmirlər. Praktikada isə repetitorlar və hazırlıq kursları şagirdlərə daha çox Dövlət İmtahan Mərkəzinin hazırladığı qalın dərsliklər və test toplusu kitabları əsasında tapşırıqlar verirlər. Nəticədə şagirdlər paralel olaraq iki fərqli yanaşmaya uyğunlaşmağa məcbur qalırlar: bir tərəfdən məktəb proqramı, digər tərəfdən isə imtahan modelinə uyğun test bazası.

Cəmiyyətdə səsləndirilən suallardan biri də məhz bu ziddiyyətlə bağlıdır. Sosial şəbəkələrdə tez-tez “Əgər dərslikləri və imtahan suallarını Dövlət İmtahan Mərkəzi hazırlayırsa, o zaman Elm və Təhsil Nazirliyinin rolu nədən ibarətdir?” kimi fikirlər səsləndirilir. Bu müzakirələr fonunda iki qurum arasında səlahiyyət bölgüsünün və əməkdaşlıq mexanizmlərinin aydın olmadığı iddiaları da gündəmə gətirilir.
Bir çox ekspertlərin fikrincə, illərdir Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında formalaşan bu paralel sistem təhsil mühitində müəyyən ziddiyyətlər yaradır. Rəsmi səviyyədə açıq qarşıdurma olmasa da, proqram və qiymətləndirmə mexanizmləri arasında fərqlərin qalması cəmiyyətdə “gizli rəqabət” və ya “institusional intriqa” kimi qiymətləndirilir. Nəticədə isə bu sistemin əsas yükünü və risklərini şagirdlər daşıyırlar.

DİM məsələ ilə bağlı mediaya açıqlamasında bildirib ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir: “Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Bunu əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır. Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz görürük ki, imtahan normal olub və iştirakçıların bilik səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib”.

Sosioloq Malvina Amirova mövzu ilə bağlı Musavat.com-a deyib ki, hər il imtahan mövsümü başlayanda eyni mənzərə ilə qarşılaşırıq. Sanki bu artıq ənənəyə çevrilib. Bu il də fərqli olmadı. Valideynlərin narahatlığı, müəllimlərin şagirdlərə görə keçirdiyi gərginlik, sosial şəbəkələrdə yazılan saysız-hesabsız şikayətlər… hamısının mərkəzində eyni sual dayanır, niyə imtahan sualları bu qədər çətindir?

Amma məsələ yalnız sualların çətin olması deyil, daha dərindir. Əsas problem məktəbdə verilən təhsil ilə imtahanda tələb olunan biliklər arasındakı böyük fərqdədir. Şagird bir tərəfdən Elm və Təhsil Nazirliyinin proqramı ilə oxuyur, dərsliklərlə işləyir, müəllimin izah etdiyi mövzuları öyrənir. Digər tərəfdən isə Dövlət İmtahan Mərkəzinin hazırladığı suallarla qarşılaşır. Bu iki sistem bir-birinə uyğun gəlməyəndə zərbə birbaşa əlbəttə şagirdə dəyir.

Belə vəziyyətdə gənclər sanki iki fərqli dünyanın arasında qalır. Məktəbdə bir cür izah edilən mövzu imtahanda tam başqa formada qarşılarına çıxır. Nəticədə illərlə oxuyan, çalışan şagird imtahan zalından çıxanda çaşqın vəziyyətdə qalır, özündən şübhə etməyə başlayır. Halbuki məsələ çox vaxt onun biliyində deyil, sistemlərin uyğunsuzluğundadır. Sonra etirazlar olanda deyilir ki, proqram eynidir. Əgər həqiqətən proqram eynidirsə, o zaman niyə nəticələr bu qədər ziddiyyətli görünür?!”

Sosioloq dünya təcrübəsinə də toxunub: “Bir çox ölkələrdə məktəb proqramı ilə qəbul imtahanları bir-birini tamamlayan vahid sistem kimi qurulur. Məsələn, Avropanın bir sıra ölkələrində və Skandinaviya təhsil modellərində qiymətləndirmə daha çox şagirdin məktəbdə qazandığı bilik və bacarıqların ölçülməsinə əsaslanır. Suallar çətin ola bilər, amma şagird üçün yad olmur. Onlar daha çox düşünməyi, analiz etməyi tələb edir, lakin öyrədilməmiş mövzulara söykənmir. Sistem şagirdi çaşdırmaq üçün yox, onun real potensialını üzə çıxarmaq üçün qurulur. Bizdə isə tam əksinədir. İmtahanlar çətinləşdikcə hazırlıq kurslarına ehtiyac artır, məktəbin rolu isə arxa plana keçir, normal halda şagird üçün əsas bilik mənbəyi məhz məktəb olmalıdır.

Bütün bu proseslərin ən ağır tərəfi odur ki, ortada şagirdlərin taleyi qalır. Onlar həm məktəb proqramını çatdırmağa çalışır, həm əlavə hazırlıqlara gedir, həm də böyük psixoloji gərginlik yaşayır. Sonda isə bir neçə saatlıq imtahan illərlə çəkilən zəhmətin nəticəsini müəyyən edir. Ədalətli və şəffaf bir sistem olsa, bu qədər problem olmaz. Elə bir sistem ki, şagird məktəbdə öyrəndiyi biliklə imtahana girəndə özünü yad mühitdə hiss etməsin. Əgər bu məsələ ciddi şəkildə nəzərə alınmasa və sistemli dəyişikliklər edilməsə, qorxuram ki, növbəti illərdə də eyni narazılıqları eşidəcəyik. Hər il eyni problem… amma dəyişən yenə də heç nə olmayacaq”.

Afaq Mirayiq,
Musavat.com

Chosen
87
musavat.com

1Sources