EN

Rumıniya parlamenti ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsini təsdiqləyib

BAKI, 12 mart. TELEQRAF

Rumıniya parlamenti ABŞ-nin İrana qarşı əməliyyatına dəstək məqsədilə ölkə ərazisində Amerika hərbi texnikası və hərbçilərinin müvəqqəti yerləşdirilməsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

Qərarın lehinə 272 deputat səs verib, 18 nəfər əleyhinə çıxıb, 5 deputat isə bitərəf qalıb.

Məlumata görə, parlament ölkə prezidenti Nikuşor Danın ABŞ hərbi texnikası və hərbçilərinin Rumıniyada müvəqqəti yerləşdirilməsi ilə bağlı müraciətini təsdiqləyib.

Əsas müxalifət partiyası olan “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion isə çıxışında qərarın tələsik qəbul edildiyini və bunun ölkənin gələcəyinə mənfi təsir göstərə biləcəyini bildirib.

“Bu addımın məqsədinin yalnız müdafiə xarakterli olduğuna dair heç bir zəmanət yoxdur”, - deyə o qeyd edib və Rumıniyanın təhlükəsizliyi ilə bağlı mümkün risklərin qiymətləndirilməsini tələb edib.

Bildirilib ki, ölkənin Ali Müdafiə Şurası ABŞ-ın İrana qarşı əməliyyatına dəstək üçün Amerika hərbi texnikası və hərbçilərinin Rumıniyada müvəqqəti yerləşdirilməsi ilə bağlı müraciətini daha əvvəl təsdiqləyib. Bundan sonra prezident qanunvericiliyə uyğun olaraq məsələni parlamentin müzakirəsinə təqdim edib və parlament də bu qərarı dəstəkləyib.

Chosen
80
teleqraf.com

1Sources