EN

Ən çox satılan 5 albom

Dünya musiqi sənayesində bütün dövrlərin ən çox satılan albomları ilə bağlı yenilənmiş reytinq açıqlanıb. "Guinness World Records", "RIAA" və "IFPI" kimi rəsmi təşkilatların məlumatlarına əsaslanan siyahısına görə, "Mişel Cekson"un "Thriller" albomu 70 milyon təsdiqlənmiş qlobal satışla tarixdə ən çox satılan albom olaraq qalır.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, araşdırmada yalnız rəsmi sertifikatlaşdırılmış satış vahidləri nəzərə alınıb. Striminq platformalarından əldə edilən dinləmələr də hesablamaya daxil edilib və "IFPI" standartlarına uyğun olaraq 1500 dinləmə 1 albom vahidi kimi qəbul edilib. Satış məlumatları müxtəlif ölkələrin musiqi assosiasiyaları, sənaye qurumları və müstəqil auditorlar tərəfindən hər il yoxlanılır.

Ən çox satılan albomların ilk beşliyi belədir:

Birinci yerdə 1982-ci ildə buraxılmış "Thriller" albomu qərarlaşıb. "Mişel Cekson"un bu albomu 70 milyon təsdiqlənmiş qlobal satış əldə edib və ABŞ-da 34 dəfə platin sertifikatı alıb.

İkinci yeri "Eagles" qrupunun 1976-cı ildə buraxdığı "Their Greatest Hits (1971–1975)" albomu tutur. Albomun qlobal satışları 50 milyon nüsxə olaraq göstərilir və ABŞ-da 38 dəfə platin sertifikatına layiq görülüb.

Üçüncü yerdə "AC/DC" qrupunun 1980-ci ildə təqdim etdiyi "Back in Black" albomu yer alır. Albomun dünya üzrə satışları 50 milyon vahid təşkil edir və ABŞ-da 25 dəfə platin statusu əldə edib.

Dördüncü pillədə "Pink Floyd" qrupunun 1973-cü ildə çıxan "Dark Side of the Moon" albomu qərarlaşıb. Albomun qlobal satışları 45 milyon nüsxədir və ABŞ-da 15 dəfə platin sertifikatı alıb.

Beşinci yerdə isə "Eagles" qrupunun daha bir məşhur albomu — 1976-cı ildə buraxılan "Hotel California" yer alır. Albomun qlobal satış göstəricisi 42 milyon nüsxədir və ABŞ-da 26 dəfə platin sertifikatı ilə təltif olunub.

Mütəxəssislərin fikrincə, "Thriller" albomunun qlobal miqyasda birinci yerdə olması əsasən onun beynəlxalq populyarlığı ilə bağlıdır. Albom 37 ölkədə rəsmi sertifikat əldə edib. Müqayisə üçün qeyd olunur ki, "Eagles"un ən çox satılan albomu 19 ölkədə sertifikatlaşdırılıb. Bu fərq qlobal reytinqlərdə "Thriller"in üstün mövqedə qalmasına səbəb olur.

Sənaye məlumatlarına görə, son illərdə musiqi bazarında ciddi dəyişikliklər baş versə də, klassik albomların populyarlığı davam edir. 2009-cu ildən bəri ümumi albom satışlarında azalma müşahidə olunsa da, köhnə və klassik albomlar hazırda qlobal musiqi gəlirlərinin təxminən 34 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 19 faiz idi. Analitiklər bu artımı əsasən vinil formatına marağın yenidən yüksəlməsi ilə əlaqələndirir.

Chosen
95
1
olke.az

2Sources