EN

ABŞ kəşfiyyatı İranda rejim dəyişikliyi ehtimalını qiymətləndirib

Kəşfiyyat məlumatlarına görə, müharibəyə baxmayaraq İran hakimiyyəti ölkə üzərində nəzarəti saxlayır...

ABŞ kəşfiyyat qurumlarının son qiymətləndirməsinə görə, İranın siyasi rəhbərliyi hələ də ölkə üzərində nəzarəti qoruyur və mövcud rejimin yaxın vaxtlarda çökməsi ehtimalı aşağı qiymətləndirilir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ kəşfiyyatına yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, ABŞ kəşfiyyat orqanlarının hazırladığı çoxsaylı analitik hesabatlarda qeyd olunur ki, ABŞ və İsrail tərəfindən təxminən iki həftə davam edən hərbi zərbələrə baxmayaraq İran hakimiyyəti daxili sabitliyi qorumağa nail olub və ölkə daxilində idarəetmə mexanizmləri fəaliyyətini davam etdirir. Mənbə bildirib ki, bu mövzuda ən son analitik hesabat bir neçə gün əvvəl hazırlanaraq ABŞ hökumət strukturlarına təqdim olunub.

Kəşfiyyat məlumatlarında həmçinin vurğulanır ki, İranın ali rəhbəri Əli Xameneinin öldürülməsi barədə yayılan məlumatlara baxmayaraq ölkənin dini-siyasi rəhbərliyi daxilində parçalanma müşahidə olunmur və klerikal hakimiyyət strukturları əsasən vahid mövqedə qalır. ABŞ kəşfiyyatı hesab edir ki, hakimiyyət institutları hələ də əhalinin üzərində nəzarəti saxlayır və dövlət strukturlarının fəaliyyətində ciddi dağılma əlamətləri qeydə alınmayıb.

Eyni zamanda Reuters-in məlumatına görə, İsrail rəsmiləri də qapalı danışıqlarda etiraf ediblər ki, İran əleyhinə aparılan hərbi əməliyyatlar ölkədə siyasi rejimin dəyişməsi ilə nəticələnəcəyinə dair qəti zəmanət vermir. İsrail tərəfi belə bir ssenarinin yalnız uzunmüddətli daxili proseslər və siyasi dəyişikliklər nəticəsində mümkün ola biləcəyini qeyd edib.

Bununla belə, mənbələr bildirirlər ki, İran daxilində sosial və siyasi dinamika zamanla dəyişə bilər. Analitiklər hesab edirlər ki, davam edən hərbi təzyiq, iqtisadi sanksiyalar və daxili siyasi proseslər ölkənin siyasi sisteminə müəyyən təsir göstərə bilər, lakin hazırkı mərhələdə rejimin dərhal süquta uğraması ehtimalı aşağı qiymətləndirilir.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources