Yaxın Şərqdəki münaqişə səbəbindən yanacaq qiymətlərinin artması Tokio hökumətini ehtiyatlardan istifadə etməyə vadar edib...
Poliqon xəbər verir ki, Yaponiya hökuməti ölkədə yanacaq qiymətlərinin artımını sabitləşdirmək məqsədilə ilk dəfə olaraq strateji neft ehtiyatlarının bazara buraxılması qərarını verib. Bu barədə Yaponiya baş naziri Sanae Takaici açıqlama verib.
Baş nazirin sözlərinə görə, ehtiyatların mərhələli şəkildə istifadəsi martın 16-dan başlayacaq. İlk mərhələdə ölkədə fəaliyyət göstərən özəl şirkətlərə məxsus neft ehtiyatları 15 günlük müddət üçün bazara çıxarılacaq. Daha sonra isə Beynəlxalq Enerji Agentliyinin (BEA) qərarını gözləmədən dövlətə məxsus strateji neft ehtiyatlarının bir aylıq hissəsi istifadəyə veriləcək.
Sanae Takaici bildirib ki, Yaponiyanın Yaxın Şərq regionundan xam neft idxalından asılılığı olduqca yüksəkdir. Onun sözlərinə görə, ölkənin ümumi xam neft idxalının 90 faizdən çoxu məhz bu regionun payına düşür. Baş nazir qeyd edib ki, regionda davam edən gərginlik səbəbindən mart ayının sonuna doğru Yaponiyanın neft idxalında ciddi azalma baş verə bilər.
Yaponiya hökuməti həmçinin daxili bazarda yanacaq qiymətlərinin sürətlə artmasının qarşısını almağa çalışır. Məlumata görə, ölkədə benzinin bir litrinin qiyməti ayın əvvəlindən etibarən 160 yenə (təxminən 1,01 ABŞ dolları) yüksəlib. Sanae Takaici bildirib ki, hökumət dövlət fondundan istifadə etməklə qiymətlərin 170 yendən (təxminən 1,07 ABŞ dolları) yuxarı qalxmasının qarşısını almağı planlaşdırır.
Qeyd edək ki, Yaponiya strateji neft ehtiyatlarının yaradılmasına 1978-ci ildə başlayıb. Həmin vaxtdan etibarən ölkə ehtiyatlardan heç vaxt təkbaşına istifadə etməyib və belə addım ilk dəfə atılır. 2025-ci ilin dekabr ayının sonuna olan məlumata görə, Yaponiyanın strateji neft ehtiyatları təxminən 470 milyon barel təşkil edir. Bu həcmdə ehtiyat ölkənin təxminən 254 günlük neft tələbatını qarşılamağa kifayət edir.
Ekspertlər hesab edir ki, Yaxın Şərqdə davam edən hərbi gərginlik və enerji bazarlarında qeyri-müəyyənlik fonunda Yaponiyanın bu qərarı qlobal enerji bazarında qiymətlərin sabitləşməsinə müəyyən təsir göstərə bilər.
Poliqon.info