EN

Dövlətin özünümüdafiə imkanı və gücü

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

II MƏQALƏ

Fərdi özünümüdafiə

Azərbaycan Avrasiyada fərdi özünümüdafiə konseptini XXI əsrin çağırışlarına cavab verə biləcək səviyyədə formalaşdıran nadir müstəqil dövlətlərdəndir. Bu mövzuda yazılan I məqalədə ifadə etdiyimiz özünümüdafiənin əsas komponentlərinin mahiyyəti göstərir ki, məsələ son dərəcə mürəkkəb xarakterə malikdir. Çünki dövlətin başçısı müxtəlif sferalara aid olan çoxlu sayda faktorları elə sistemləşdirməli və dəqiq məqsədə yönəltməlidir ki, hər bir situasiyada ölkənin təhlükəsizliyi təmin olunsun.

Doğrudan da, lider dövlətin hərbi, iqtisadi, elmi-texniki və resurs gücünü elə səfərbər etməli və eyni zamanda, daim aktuallaşdırmalıdır ki, cəmiyyətin mənəvi-siyasi birliyi əsasında suverenliyi tam qorumaq və xarici təcavüzü dəf etmək qabiliyyəti bir-birini tamamlasın. Bəlkə də buna ən ümumi səviyyədə ölkənin, dövlətin və cəmiyyətin təhlükəsizliyini davamlı təmin etmək qüdrəti də deyə bilərik. Burada fərdi özünümüdafiə baxımından çox vacib saydığımız bir özəlliyi vurğulayaq.

Əsas məsələ nəzəri konsepti praktiki olaraq realpolitika çərçivəsində həyata keçirməklə bağlıdır. Yəni fərdi özünü müdafiə həmişə reallıqdır, təcrübədə özünü göstərən prosesdir. Buna görə də nəzəri olaraq çox səmərəli görünən özünümüdafiə konsepti praktiki səmərə verməyə bilər. Azərbaycan təcrübəsi isə rəsmi Bakının 1993-cü ildən bu yana praktiki səmərə verən özünümüdafiə konseptinə malik olduğunu təsdiq etmişdir.

Buna Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu xəttində ölkənin hərbi, iqtisadi, elmi-texniki və resurs gücünü davamlı olaraq xarici təcavüzü dəf etməklə suverenliyi təmin etmək istiqamətlərinin vəhdətinə yönəltmək sayəsində nail olunmuşdur.

Həmin prosesin əlamətləri kimi enerji strategiyasını, ölkənin müdafiə imkanlarının daim gücləndirilməsini, sosial-iqtisadi islahatları və cəmiyyətin daxili birliyinin inkişafına istiqamətlənmiş sistemli addımları göstərmək olar. Vətən müharibəsi fərdi özünümüdafiə konseptinin reallaşmasının zirvəsi oldu. Bu mərhələdən sonra kollektiv özünümüdafiə məsələsi yeni səviyyə və miqyasda daha da aktuallaşdı.

Kollektiv özünümüdafiə

Fərdi və kollektiv özünümüdafiəni birləşdirən bir mühüm geosiyasi məqam vardır: dövlət uğurla özünü müdafiə etməklə qlobal miqyasda sülh və dünya nizamının təmininə töhfə verir. Doğrudan da, dünya sistemi dövlətlərdən ibarətdir. Hər bir müstəqil dövlət özünü beynəlxalq hüquq normaları çərçivəsində müdafiə edə bilirsə, özlüyündə qlobal sülhə fayda verir. Ancaq məsələ ondan ibarətdir ki, müasir dövrdə heç bir dövlət tək halda özünümüdafiəyə tam nail ola bilmir. Dövlət mütləq surətdə fərdi müdafiə konsepti ilə kollektiv müdafiə fəlsəfəsini uyğunlaşdırmalıdır. Burada bir xüsusiyyət vardır ki, ona aydınlıq gətirmək gərəkdir. Həmin məqam “kollektiv özünümüdafiə” ifadəsinin anlamı ilə bağlıdır.

Belə ki, fərdi özünümüdafiə, sözün əsl mənasında, özünü müdafiə etməkdir. Başqa dövlət tərəfindən silahlı hücuma məruz qalan dövlət özünün siyasi müstəqilliyini və ərazi toxunulmazlığını təmin etmək üçün cavab tədbirləri görür (bura hərbi cavab da daxildir). Kollektiv özünümüdafiədə isə başqa dövlətə olan təcavüzə qarşı birgə dirəniş göstərmək məqamı önə çıxır. Yəni dövlət kollektiv müdafiədə özünümüdafiəyə dolayısı ilə qatılır. Buradan məlum olur ki, iki və ya daha çox dövlətin birgə özünümüdafiəsi fərdi özünümüdafiədən fərqli feili və təşkilati qaydaların formalaşdırılmasını tələb edir. Onun çağdaş dönəmdə tez-tez rast gəlinən forması qarşılıqlı yardım haqqında ikitərəfli və çoxtərəfli müqavilələrin imzalanması ilə bağlıdır. Azərbaycan təcrübəsində məhz bu məqam dövlətin kollektiv özünümüdafiəsi ilə fərdi özünümüdafiəni uyğunlaşdırmağa geniş imkan yaratmışdır.

Bu proses özlüyündə çox vacib mərhələlər keçmişdir. Əhəmiyyətlidir ki, əsas olaraq Azərbaycan Prezidentinin təşəbbüsləri sayəsində kollektiv özünümüdafiə konsepti artıq fərdi özünümüdafiəni də ehtiva etməklə səmərəli praktiki təcrübəyə çevrilmişdir. Onu adekvat dərk etmək üçün prosesin mərhələlərinə qısa nəzər salaq.

Naxçıvan Bəyannaməsi

2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının Zirvə Toplantısı keçirilmişdir. Zirvə Toplantısında Naxçıvan Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə eyni kökə, ortaq dilə, mədəniyyətə malik ölkələrin birliyi bir daha rəsmi şəkildə ifadə olunmuşdur. Dövlət başçıları əvvəllər keçirilmiş Zirvə toplantılarında qəbul olunmuş bəyannamələrin müddəalarını təsdiq etmişlər və ölkələrimiz arasında ikitərəfli, çoxtərəfli əlaqələrin və həmrəyliyin möhkəmləndirilməsini vacib saymışlar.

Bununla həmin növ sənədlər üçün çox vacib olan varislik prinsipinə ciddi əməl edilmişdir. Yəni Naxçıvan Bəyannaməsinin tam siyasi, hüquqi, tarixi, mənəvi, ideoloji və mədəni əsası vardır. Bu da avtomatik olaraq türk dövlətləri arasında münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində inkişaf etdirməyin tam qanuni bazasını yaratmışdır. Həmin səbəbdəndir ki, 2025-ci ildə keçirilmiş Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsində Prezident İlham Əliyevin aşağıdakı tezisi ifadə etməsi tam əsaslı, qanuni və hüquqidir. Dövlət başçısı demişdir: “Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb”.

Şuşa Bəyannaməsi

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış sənəd olan Şuşa Bəyannaməsi çox maraqlı tarixi, siyasi, geosiyasi və özünümüdafiə anlamına malikdir. Sənəd iki türk dövləti arasında imzalanmışdır və bütün istiqamətlər üzrə strateji müttəfiqliyi ehtiva edir. Ancaq orada əməkdaşlıq və təhlükəsizlik elə qarşılıqlı münasibətlər aspektində müəyyən edilmişdir ki, həm Naxçıvan Bəyannaməsinin əsas müddəaların və bütövlükdə ruhuna uyğundur, həm də TDT miqyasında genişlənmək potensialına malikdir. Maraqlıdır ki, iki türk dövləti arasında əlaqələr həm də qlobal kontekstə malikdir.

Sənədin Preambula hissəsindəki müddəalar bu tezisi təsdiq edir. Orada yazılmışdır: Tərəflər “Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək,

Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq,

Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək,

Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək,

Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək,

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək” bəyan edirlər.

Buradan aydın görünür ki, iki qardaş dövlət arasındakı münasibətlər tam beynəlxalq hüquq normaları əsasında qurulur və onun milli, regional, Türk dünyası və qlobal konteksti mövcuddur. Həmin məqamlar sənədin müddəalarında aydın ifadələrini tapmışlar.

Milli miqyas: “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər”.

Regional və beynəlxalq miqyas: “Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər”.

Beynəlxalq və regional təşkilatlar: “Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər”.

Kollektiv özünümüdafiəyə aid: “Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar” və “Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər”.

Türk dünyası konteksti: “Tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdilər. Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər. Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər”.

Şuşa Bəyannaməsinə istinadlar çox görünə bilər. Lakin bir sıra müddəaları vurğulamaqda üç məqsədimiz vardır.

Birincisi, Azərbaycanla Türkiyənin imzaladığı strateji mahiyyətli sənədin tam beynəlxalq hüquq normaları çərçivəsində olduğunu bir sıra “peşəkar ekspertlər”, “parlamentarlar” və “siyasilər” bir daha görsünlər. Yəni iki qardaş dövlət arasına hər hansı nifaq salmağın mümkünsüzlüyünün hüquqi tərəfini anlasınlar.

İkincisi, məhz Azərbaycanın ciddi fəallığı sayəsində Naxçıvandan başlayan Türk Birliyi yolunun yüksək perspektivə malik olduğu dərk edilsin. İki böyük dövlətçilik ənənəsinə malik olan xalqların (Azərbaycan və Türkiyə xalqlarının) dövlətlərarası münasibətləri müasir dövrün tələbləri və çağırışları kontekstində inkişaf etdirmək qərarlılığı bir daha anlaşılsın.

Üçüncüsü, Naxçıvan və Şuşa bəyannamələrinin Qarabağ Bəyannaməsi, Laçın Zirvə Görüşü və TDT-nin Qəbələ Sammiti kimi tədbirlərin bazası üçün lazım olan bütün siyasi, hüquqi, geosiyasi, təhlükəsizlik, mədəni, ideoloji, müdafiə, mənəvi bazanı yaratdığı bir daha aydın olsun!

Bütün bu məqamlar Azərbaycan rəhbərliyinin yaratdığı möhtəşəm özünümüdafiə konseptinin fərdi və kollektiv aspektlərini ehtiva etməkdədirlər!

(ardı var)

Füzuli QURBANOV,XQ-nin analitiki,fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
xalqqazeti.az

2Sources