EN

Sevgi istedaddır

Sevgi də bir istedaddır və bu hiss hər kəsdə ola bilməz....O Allahdan gəlmə bir hissdir,vergidir... Döyüşçü nişanlısını, 32 il yolunu gözləyən Bizim Sevda Kimi...

Qarabağın dağları arasında sakit bir səhər açılırdı. Ağdamın sabahları günəşin ilk şüaları ilə bərq vurur, sanki hər şeyin əbədi olduğunu fısıldayırdı. Amma Sevda xanımın qəlbində sükut yox, bir narahatlıq və eyni zamanda ümid vardı. O, Mehman Musayevin yolunu gözləyirdi – uzaq bir qohum, amma içindəki arzuların və xəyalların sahibi.

Sevda Ağdamın qədim və sərt, amma sevgi dolu ailəsindən idi. Ağdamda doğulmuş, böyümüş, boya-başa çatmışdı. 

Mehman isə Kəlbəcərdə doğulmuş, Kəlbəcərdə böyümüşdü, Kəlbəcər torpaqlarından gəlmişdi... Valideynləri onları bir-biri üçün uyğun görürdü, amma Sevda Mehmanla evlənmək istəmirdi. Onun ürəyi hələ gənc idi, amma sərt qohumluq əlaqələri və ailənin gözləntiləri onu qorxudurdu. Mehmanın adını çəkəndə gözlərini döndərir, bəzən hirslə danışır, bəzən isə səssiz qalırdı.

Amma Mehman əl çəkmirdi. Onun sədaqəti, hörməti və sakit əzmi Sevdanın qəlbində bir işıq yandırırdı. Hər dəfə qarşılaşanda gözlərindəki nur Sevdanın qəlbini sakitləşdirir, ona bir ümid verirdi. Mehman bilirdi ki, Sevda nə qədər müqavimət göstərsə də, bir gün onun qəlbi yolunu açacaq.

Günlərin birində Sevdanın bacısı ona dedi:

— Ay Sevda, bir Mehmanla danış, görüş söhbət elə sonra fikir bildir.

Bu söz Sevdanın ağlına dərindən batır. O, bacısının sözlərini ciddi qəbul edir və Mehmanla görüşmək qərarına gəlir. İlk görüşün necə olacağını bilmirdi, amma qəlbində bir titrəmə hiss edirdi. O an bilirdi ki, bu görüş həyatını dəyişəcək.

İlk görüş günü Sevda kəndin sakit bir guşəsində Mehmanı gözləyirdi. Hər addımı, hər nəfəsi ürəyində bir səs-küy yaradırdı. Mehman yaxınlaşanda, gözlərindəki sədaqət, qətiyyət və hörmət Sevdanın qəlbini dərindən silkələdi. Sevda bir anlıq düşündü: “Bu elə mənim xəyallarımdakı oğlandı ki? Niyə mən bunu indi tanıdım?”

Onlar uzun-uzun danışdılar. Hər söz, hər baxış ruhlarını bir-birinə yaxınlaşdırdı. Sevda Mehmanın sadəliyini, səmimiyyətini, içindəki xeyirxahlığı gördü. Mehman isə Sevdanın qəlbindəki sərtliyi, amma içindəki duyğuları hiss edirdi. Bu görüş onları birdəfəlik birləşdirdi.

Sevda bu görüşdən sonra hər gecə Mehmanı xəyallarında görür, onun gülüşünü, sözlərini və sədaqətini düşünürdü. Mehman üçün hər bir an, hər kiçik hərəkət Sevdanın ürəyində bir iz buraxırdı. Onlar artıq qohumluğun sərhədlərini aşmış, ruhlarını bir-birinə bağlamışdılar...

“Bu necə bir sevgidi İlahi”, - deyə düşünən Sevda hiss və duyğularına təəccüb edirdi, bu onun xəyalları və uzun illər içində yolunu gözlədiyi bir sevgi idi... Demək ki, xəyalları qulağının dibində imiş, amma görməmişdi...

Onlar bir-bir birini görmədən dayana bilmirdilər.

Mehman vətəni qorumaq üçün döyüş bölgəsində idi. Ermənilərə nifrəti sonsuz idi. Elə hey deyinirdi: "Gözləyin, ananızı ağladacaq, bizim olanı sizdən qoparacaq, vətənimizi azad edəcəyik, fikri-zikri Sevdanın yanında ola ola. Hərdən düşünür, xəyal qururdu. O bu xəbəri Sevdaya necə verəcəyini, onu necə sevindirəcəyini, həm də ilk olaraq, hər kəsdən öncə, Qələbə, Zəfər xəbərini...

Beləliklə, bir gün evlənməyə qərar verirlər, Sevdanın barmağı ölçülüb üzük alınır...

Hər şey hazır idi, toy hazırlığı.

Mağar quruldu.

Amma... Amma fələk yolunu kəsdi bu evliliyin...Qara xəbər bir anın içində hər yeri bürüdü. Kəlbəcərdəki döyüş və döyüşçülərimizin bəzilərinin itgin düşməsi, o cümlədən də Mehmanın...

Qara xəbər gələndən sonra Sevda üçün dünya bir anlıq dayandı. Mağar boş qaldı, toy süfrələri açılmadı, gül-çiçəklər soldu. Amma Sevdanın içindəki ümid heç vaxt sönmədi. O, Mehmanın yolunu gözləməyi seçdi – bütün ömrünü ona həsr edərək, nə az, nə çox düz 32 il yolunu gözlədi, ümidlə ağlaya-ağlaya...

Roza ƏLİQIZI



Chosen
33
herbiand.az

1Sources